Almanların çoxu stressli həyatdan beziblər
Almaniyada YouGov İnstitutu tərəfindən aparılmış rəy sorğusunun nəticələrindən məlum olur ki, ölkə sakinlərinin orta hesabla hər iki nəfərindən biri mühacir olmağa hazırdır.
Reprezentativ tədqiqat iştirakçılarının 55 faizi Almaniyadan bir müddət çıxıb getmək və ya xaricdə daimi məskunlaşmaq arzusundadır. Rəyi öyrənilənlərin üçdəbiri ölkəni həmişəlik tərk etmək istədiyini bildirib. 13 faizi iki ildən beş ilədək xaricdə yaşamağı təsəvvür edir. Almaniyadan köçüb getmək istəyənlərin çoxu yaşı 65-dən yuxarı olanlardır. 18-24 yaşlarında gənclər xaricdə müvəqqəti yaşamağa maraq göstərir.
Sorğu iştirakçılarının çoxu ölkədən köçüb getmək istəyini daha sakit şəraitdə yaşamaq arzusu ilə izah edir. Mühacir olmağa hazırlaşanların 38 faizi başqa ölkələrdə stressiz həyat keçirməyə ümid edir. Mühacirət üçün digər əsaslar həyatın keyfiyyəti (33 faiz), hava şəraiti (31 faiz), həmçinin daha sabit siyasi şəraitdə yaşamaq və daha çox pul qazanmaq arzusudur.
Statistik tədqiqatlar təsdiq edir ki, almanlar qocalıq illərini, məsələn, Malyorkada qayğısız keçirmək istəyirlər. Federal Statistika İdarəsinin məlumatına görə, 2016-cı ildə Almaniyanın 281 min vətəndaşı xarici ölkələrdə qeydiyyata düşüb. Əvvəlki illərdə Almaniyanı uzun müddətə və ya həmişəlik tərk edənlərin sayı orta hesabla 140 min nəfər olub.
Almanlar arasında ən populyar ölkələr İsveçrə, Avstriya və Böyük Britaniyadır. Uzaq ölkələr arasında ABŞ, Avstraliya, Çin və Kanada liderlik edir. Avropanın cənub ölkələri arasında İspaniya, Fransa, İtaliya almanlar üçün daha populyardır. Onlar bu ölkələrə əlverişli iqlim şəraitinə və sakit həyat tərzinə görə köçüb gedirlər.