Yuğ Dövlət Teatrı Türkiyənin Adana şəhərində keçirilən beynəlxalq teatr festivalından qayıdıb.
Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları Müdirliyinin keçirdiyi “V Şəhər Teatrları Görüşü”ndə teatr A.P.Çexovun əsəri əsasında hazırlanmış “Təklif. Elçilik” tamaşasını göstərib. Yaradıcı heyət səfər çərçivəsində, həmçinin Türkiyənin Mərsin şəhərində Səidə Haqverdiyevanın əsəri əsasında hazırlanmış “Metamorfoza” tamaşasını təqdim edib.
Hər iki səhnə əsərinin quruluşçu rejissoru Günay Səttar səfər təəssüratlarını bizimlə bölüşdü.
Qardaş ölkədə çıxış etməyin gözəl olduğunu bildirən G.Səttar Türkiyə tamaşaçılarının səhnə işlərinə böyük maraq göstərdiklərini dedi. Bildirdi ki, Çexov bir müəllif olaraq türk tamaşaçıları üçün daim aktualdır və onun yaradıcılıq nümunələri hər zaman maraqla izlənilir: “Tamaşamız çox gözəl qarşılandı. İzləyicilər tamaşadan, oyun texnikasından ağızdolusu danışdılar. Ümumiyyətlə, yaradıcı mübadilə üçün festivallar, teatr görüşləri çox vacibdir. Çünki bu gün dünya teatrında elə yeniliklər müşahidə olunur ki, istər-istəməz, ondan kənarda qala bilməzsən”.
Türkiyəli teatrsevərlərin yeni düşüncəyə, hər hansı fərqli estetik baxışa açıq olduqlarını da deyən rejissor hər iki tamaşadakı yeni oyun tərzinin, mənsub olduğu teatr məktəbinə aid oyun formasının asanlıqla qəbul olunduğunu bildirdi: “Bunu Adanada tamaşadan sonra izləyicilərin müzakirələrdə aktiv iştirakı bir daha sübut etdi. Yaradıcı düşüncəyə böyük sayğıları və bununla yanaşı hədsiz tələbkar və tənqidi ifadələri mənim üçün xüsusilə xoş oldu”.
Mərsin Bələdiyyə Teatrında nümayiş olunan “Metamorfoza” tamaşası da böyük marağa səbəb olub: “Tamaşadan sonra Mərsin teatrının rejissoru bu pyesi öz teatrlarında qoymaq istədiyini dedi. Məncə, xüsusən bu cür yaradıcı mübadilələr üçün səfərlər ən yaxşı vasitədir”.
HƏMİDƏ