Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 mart tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Teatrlara “akademik” və “milli” statusunun verilməsi Qaydası”ndan çıxarış
Qayda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 529 nömrəli Fərmanının müvafiq bəndinin icrasını təmin etmək məqsədilə müəyyən edilib.
“Akademik” statusu aşağıdakı tələblərə cavab verən teatrlara verilə bilər:
yüksək peşəkarlıq nümayiş etdirən, bədii cəhətdən kamil monumental tamaşalar hazırlayan;
çağdaş yaradıcılığı ilə Azərbaycan xalqının tarixi ənənələrinə dərindən bələd olan, onu demokratik prinsiplər əsasında inkişaf etdirən;
yaradıcılığında zəngin tarixi ənənələr və ümumbəşəri dəyərlər nümayiş etdirən, fəaliyyəti ilə beynəlxalq miqyasa çıxan;
ideya-bədii bütövlüyü, ictimai əhəmiyyəti ilə seçilən, uzunömürlü səhnə əsərləri yaradan;
öz repertuarını milli və dünya ədəbiyyatının klassik inciləri ilə zənginləşdirən, yaradıcılıq ittifaqları ilə iş birliyi quran, yazıçı, dramaturq və bəstəkarlarla, tanınmış istedadlı şəxslərlə yaradıcılıq mübadiləsi əsasında müntəzəm olaraq yeni orijinal əsərlərin hazırlanmasına zəmin yaradan, böyüməkdə olan gənc nəslin yüksək mənəvi, etik və əxlaqi tərbiyəsində müstəsna xidmətləri olan;
yaradıcı heyəti daim formalaşdıran, istedadlı gənclərin yaradıcılıq axtarışlarını dəstəkləyən, yaradıcı kollektivi peşəkarlıq tələblərinə uyğun istiqamətləndirən, qabaqcıl təcrübədən kollektivin inkişafı üçün istifadə edən;
görkəmli rejissor, dirijor və xoreoqrafların çalışdığı, mütəmadi olaraq beynəlxalq səviyyəli müsabiqə və festivallarda iştirak edən;
fəaliyyətinə dair proqnoz göstəricilərini yerinə yetirən;
müasir idarəetmə sahəsində uğur qazanan, maliyyə və maddi resurslardan səmərəli istifadə edən, texniki və istehsalat sexlərində qabaqcıl iş üslubunu tətbiq edən, maddi-texniki bazasını möhkəmləndirən.
“Milli” statusu aşağıdakı tələblərə cavab verən teatrlara verilə bilər:
Azərbaycan milli mədəniyyətinin qorunması, zənginləşdirilməsi və inkişafında xidmətlər göstərən;
regional və ölkə səviyyəsində böyük nüfuz qazanan, milli mədəniyyətin və incəsənətin inkişafında xüsusi rolu olan;
ümumi heyətinin əsas hissəsini yüksək dərəcəli sənətçilər təşkil edən;
istedadlı gənc kadrların, bakalavr və magistr pilləsində təhsil alan gənc rejissorların, dirijorların, baletmeyster və xormeysterlərin eksperimental yaradıcılıq axtarışlarını tənzimləyən, kollektivin inkişafına xidmət edən “kiçik səhnə” və studiyalar yaradan;
səhnəqrafiya, musiqi və xoreoqrafiya sahəsində yeni yaradıcılıq imkanlarının üzə çıxması üçün müntəzəm fəaliyyət göstərən;
ölkə əhalisinə yüksək səviyyəli mədəni xidmət göstərən, milli mədəni dəyərləri qoruyub saxlayan və təbliğ edən;
mütərəqqi beynəlxalq təcrübə əsasında müasir milli səhnə sənətinin hərtərəfli, ahəngdar inkişafını təmin edən yaradıcılıq axtarışları aparmaqla, novator səhnə formalarını tətbiq edən;
Azərbaycan dramaturgiyasının inkişafı yolunda yeni müəlliflər nəslinin yetişdirilməsinə şərait yaradan;
Azərbaycan dilinin səhnə vasitəsi ilə qorunub saxlanılması, zənginləşdirilməsi və təbliğini təmin edən;
əhalinin müxtəlif təbəqələrinin estetik zövqünü, bədii anlamını formalaşdıran və onlarda bədii yaradıcılığa meyil oyadan;
yüksək vətəndaşlıq, humanizm, vətənpərvərlik, habelə milli mənəvi dəyərlərə hörmət və rəğbət hissləri aşılayan;
asudə vaxtın səmərəli təşkilində və insanların ictimai mövqeyinin formalaşmasında yaxından iştirak edən.
Qeyd. “Akademik” və “milli” statusuna təqdim olunan teatrın yaradıcılıq, istehsalat sahəsində son 10 il ərzində stabil fəaliyyəti və səmərəli istehsalat göstəricilərinə malik olması rəsmi sənədlərlə təsdiq olunmalıdır.
* Digər mədəniyyət müəssisələrinə xüsusi statusların verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli 382 nömrəli qərarı ilə təsdiq edilmiş “Mədəniyyət təsisatlarına xüsusi statusların verilməsi Qaydası” ilə tənzimlənir (bax: qəzetimizin 12.10.2018 tarixli sayı, s. 6)