İstanbul sərgisində kitablarımız böyük maraq doğurub
Noyabrın 10-da 37-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İstanbuldakı baş konsulluğumuzun dəstəyi ilə sərgidə ölkəmiz geniş sahədə qurulmuş xüsusi stendlə təmsil olunur.
“Həyatı ədəbiyyatla əhatə edək” mövzusunda keçirilən builki sərgiyə 800-dən çox yerli və xarici nəşriyyat, müxtəlif qurumlar qatılıb.
Ölkəmizin stendində Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəşr olunmuş, Azərbaycanın tarixini, mədəniyyətini, ədəbiyyatını, musiqisini, memarlığını, multikultural dəyərlərini, dövlətçilik və tolerantlıq ənənələrini əks etdirən 350 adda kitablar sərgilənib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş kitablardan ibarət xüsusi guşə də yaradılıb. Bundan başqa, Mədəniyyət Nazirliyinin “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsi çərçivəsində Türkiyədə fəaliyyət göstərən “Zəngin Yayınçılıq” nəşriyyatı tərəfindən türk dilində çap edilən 36 adda kitab da ziyarətçilərə təqdim edilib.
Azərbaycan bölməsində sərgilənən “Kaspi nəşrləri” – ulu öndər Heydər Əliyev, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, dahi şair Hüseyn Cavid haqqında kitablar da ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Sərginin açılış günü stendimizdə Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Xalq Cümhuriyyətinin və görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyləri münasibətilə təqdimat keçirilib.
Yubiley nəşrlərinin təqdimatı
Milli Kitabxananın nəşr etdirdiyi “Azərbaycan Xalq Cümhuriyyəti - 100. Biblioqrafiya”, “Qara Qarayev. Biblioqrafiya” və Lalə Kazımovanın “Qara Qarayev – həyat və yaradıcılığı haqqında qısa oçerk” kitablarının, həmçinin kitabxananın əməkdaşları tərəfindən hazırlanmış Qara Qarayevin əsərlərindən ibarət disklər təqdim edilib.
Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov çıxış edərək Prezident İlham Əliyevin Cümhuriyyətin və görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyləri ilə bağlı sərəncamlarına müvafiq olaraq respublikamızda və xaricdə təşkil olunan tədbirlərdən danışıb, il ərzində keçirilən beynəlxalq kitab sərgilərində belə təqdimatların ənənə halı aldığını qeyd edib.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov son illərdə Azərbaycanın Mədəniyyət Nazirliyi və Milli Kitabxanası ilə birgə reallaşan tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb. O, iki gün öncə Ankarada, TÜRKSOY-un iqamətgahında Azərbaycan Xalq Cümhuriyyətinin və Qara Qarayevin 100 illiyi ilə bağlı mərasimin yüksək səviyyədə keçirildiyini deyib.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov təqdim olunan nəşrlər barədə məlumat verib. Bildirib ki, “Azərbaycan Xalq Cümhuriyyəti - 100. Biblioqrafiya” Milli Kitabxananın sorğusu əsasında dünyanın 30-dan çox kitabxanasından alınmış ədəbiyyatı özündə əks etdirir.
Kərim Tahirov Qara Qarayevin 100 illiyi ilə əlaqədar işıq üzü görən kitabların və disklərin təqdimatını edərək, dünya şöhrətli bəstəkarın həyat və yaradıcılığından söz açıb, ABŞ-a səfəri zamanı Los-Anceles Universiteti kitabxanasının direktorundan sənətkar haqqında eşitdiyi xoş sözləri xatırladıb.
Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərli və AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov müsəlman Şərqində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsindən söz açıb, təqdimatı keçirilən kitabların əhəmiyyətini diqqətə çatdırıblar.
Tədbirdə iştirak edən Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Başar Kömür Cümhuriyyətin və görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileylərinin ölkəmizdən kənarda da qeyd olunmasının önəmini vurğulayıb.
Sonda nəşr və disklər tədbir iştirakçılarına paylanılıb.
Türkiyədə Azərbaycan ədəbiyyatının yayılmasına ehtiyac var
Türkiyədə Azərbaycan bədii ədəbiyyatına maraq günbəgün artır. Bu fikri İstanbulda fəaliyyət göstərən “Zəngin Yayınçılıq” nəşriyyatının müdiri Sevinc Fırat deyib.
Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsində iştirak etdiklərini deyən nəşriyyat müdiri bildirib ki, əslində, qardaş ölkədə Azərbaycan bədii ədəbiyyatının geniş yayılmasına hər zaman ehtiyac olub. İstanbulda keçirilən beynəlxalq kitab sərgilərində Azərbaycan bölməsinə maraq da bunu göstərir.
Azərbaycan bölməsində nümayiş olunan kitabların əsas hissəsi sonda ziyarətçilərə paylanılıb.
Bildirək ki, sərgi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və yayımlar baş idarəsinin müdir müavini Demet Koç və Sərgilər şöbəsinin müdiri Şulə Aygün arasında görüşdə bu məsələ diqqətə alınıb.
A.Cəfərov “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsi barədə türkiyəli həmkarlarına məlumat verib. Bildirib ki, layihə çərçivəsində artıq 36 adda Azərbaycan ədəbiyyatı nümunəsi türk dilinə çevrilərək qardaş ölkənin oxucularına təqdim edilib. Sərgi müddətində Azərbaycan bölməsini ziyarət edən türkiyəli oxucuların ən çox soruşduqları kitablar da qısa zamanda türk dilinə çevrilərək onların ixtiyarına veriləcək.
Layihə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları tərəfindən də maraqla qarşılanıb. Layihə üzrə nəşr olunan kitabların Türkiyədə daha geniş yayılması məsələsi müzakirə edilib.
Həmçinin 2019-cu ildə keçiriləcək Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi vasitəsilə bu ölkənin Azərbaycanda daha çox tanınan bir neçə nəşriyyatının iştirakının təmin edilməsi məqsədilə danışıqlar aparılıb.
Görüşdə ölkəmizin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı da iştirak edib.
Qeyd edək ki, sərgi meydançasında xarici ölkə stendləri sentyabrın 13-dək nümayiş olunub, sərgi özü isə noyabrın 18-dək davam edəcək.