Görkəmli aktrisa Amalya Pənahova son mənzilə yola salındı
Noyabrın 9-da Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan teatr və kino sənətinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, Xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Amalya Pənahova ilə vida mərasimi keçirildi. Görkəmli aktrisa noyabrın 8-də 74 yaşında dünyasını dəyişib.
Mərasimdə dövlət və hökumət rəsmiləri, elm və ictimaiyyət nümayəndələri, tanınmış mədəniyyət xadimləri iştirak edirdi.
Aktrisanın uzun illər çıxış etdiyi teatrın səhnəsində qoyulmuş tabutu önündə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Mədəniyyət Nazirliyi, digər qurumlar adından əklillər qoyulmuşdu.
Yüzlərlə şəhər sakini sənətkarla vidalaşmaq üçün Milli Dram Teatrının binasına gəlirdilər.
Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Amalya Pənahovanın Azərbaycan teatr və kinosunun inkişafında fədakar fəaliyyətindən, yaratdığı bənzərsiz obrazlardan söz açdı. Qeyd etdi ki, müasir Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan Amalya Pənahova zəngin yaradıcılıq axtarışları ilə teatr və kino sənətimizə dəyərli töhfələr verib.
Diqqətə çatdırıldı ki, Amalya Pənahova Azərbaycan Dövlət Teatr İnstitutunun ikinci kursunda oxuyarkən rejissor Tofiq Kazımovun dəvəti ilə bu teatra gəlib. Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” əsəri əsasında hazırlanmış tamaşada Nargilə rolunu oynayıb. Bu obraz aktrisaya böyük şöhrət qazandırıb. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində yüzlərlə obraza həyat verən sənətkar tamaşaçıların böyük sevgisini qazanıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla xatın, Məhsəti, Larisa, Ofeliya kimi rolları misal göstərmək olar. İfadəli səs tembrinə malik istedadlı aktrisanın milli və dünya dramaturji irsinə müraciət edərək teatr səhnəsində böyük məharətlə canlandırdığı yaddaqalan obrazlar öz təbiiliyi, həyatiliyi və lirik-psixoloji dərinliyi ilə səciyyələnir. Görkəmli sənətkar həm də məşhur kino aktyoru olub, filmlərdə müxtəlif xarakterli obrazlar qalereyası yaradıb.
Nazir onu da qeyd etdi ki, Amalya Pənahovanın təşəbbüsü ilə 1992-ci ildə Bakı Bələdiyyə Teatrı fəaliyyətə başlayıb. O, yaratdığı teatra orta və yaşlı nəsillə bərabər, gənc istedadlı aktyorları da cəlb edib, onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür şərait yaradıb. Qısa müddət ərzində bu teatr nəinki respublikamızda, həm də müxtəlif ölkələrdə Azərbaycanı layiqincə təmsil edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyən Amalya Pənahova gənc aktyorlar nəslinin yetişməsi üçün böyük əmək sərf edib.
Vurğulandı ki, Amalya Pənahova ikinci çağırış Milli Məclisin (1995-2000) deputatı kimi mədəniyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsinə də öz töhfəsini verib.
Ömrünü Azərbaycan mədəniyyətinin inkişafına, təbliğinə sərf edən aktrisanın əməyi hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, həmçinin dünyanın bir sıra nüfuzlu mədəniyyət ocaqlarının fəxri fərmanlarına, medallarına layiq görülüb.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azərpaşa Nemətov görkəmli sənətkarla bağlı xatirələrini bölüşdü. Qeyd etdi ki, Amalya Pənahova aktrisa kimi yarım əsrdən artıq dövrü əhatə edən sənət fəaliyyəti ilə bərabər, 12 televiziya və teatr tamaşasına da quruluş verib. Onların çoxu lentə alınıb və televiziyanın “qızıl fondu”nda saxlanılır.
Xalq artisti Nurəddin Mehdixanlı çıxışında bildirdi ki, bu gün Azərbaycan tamaşaçısı çox görkəmli bir sənət fədaisi ilə vidalaşır. Amalya Pənahovanın istər teatrda, istərsə də kinoda yaratdığı zəngin obrazlar qalereyası tamaşaçılar tərəfindən sevilərək izlənir. Xalq artistləri Hacı İsmayılov və Rafael Dadaşov sənət dostları ilə bağlı xatirələrini bölüşdülər, aktrisanın Azərbaycan teatr sənətinin inkişafı naminə gördüyü işlərdən söz açıldı.
Mərhumun oğlu İlqar Muxtarov ailələri adından çıxış edərək anasının xatirəsinə göstərilən ehtirama görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını bildirdi.
Daha sonra Amalya Pənahova son mənzilə yola salındı. Mərhum “Qurd qapısı” qəbiristanlığında həyat yoldaşı, Xalq artisti Yusif Muxtarovun məzarı yanında dəfn olundu.
Savalan FƏRƏCOV