Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Zamoç şəhərinin meri Andjey Vnukun şəxsi dəvəti ilə Polşa müstəqilliyinin bərpasının banisi sayılan Yozef Pilsudskinin abidəsinin təntənəli açılış mərasimində iştirak edib.
Hərbi, siyasi və dövlət xadimi olan Y.Pilsudski 1918-ci il noyabrın 11-də elan edilmiş müstəqil Polşanın ilk dövlət başçısı olub.
Abidə ilk dəfə 1933-cü ildə heykəltəraş Yakub Yuşik tərəfindən düzəldilmiş və Zamoç şəhərinin mərkəzi meydanında ucaldılmışdı. 1942-ci ildə faşistlər tərəfindən partladılmış abidə 76 ildən sonra yenidən bərpa olunaraq əvvəlki yerində ucaldılıb.
Açılış mərasimində iştirak edən səfir Həsən Həsənov daha sonra H.Senkeviç adına 2 saylı orta məktəbi ziyarət edərək təhsil ocağının kitabxanasına səfirlik tərəfindən nəşr olunmuş 55 adda kitab bağışlayıb.