Nazir Əbülfəs Qarayev forum çərçivəsində bir sıra görüşlər keçirib
Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirak etmək üçün Rusiya Federasiyasında səfərdədir.
Forumun noyabrın 14-də Dövlət Ermitajında keçirilən açılış mərasimində çıxış edən Rusiya Federasiyası Hökuməti sədrinin müavini Olqa Qolodets bildirib ki, ilk dəfə keçirildiyində 70 nəfərin iştirak etdiyi tədbirə bu il yüzlərlə nümayəndə qatılıb və onlar 14 sessiya üzrə müzakirələrdə iştirak edəcəklər.
Açılış mərasimində həmçinin, Rusiyanın mədəniyyət naziri Vladimir Medinski, Sankt-Peterburq Vilayətinin qubernatoru Aleksandr Beqlov, habelə forumun “iştirakçı ölkə”si statusunda olan Qətərin mədəniyyət naziri və İtaliyanın Rusiya Federasiyasındakı səfiri də çıxış ediblər.
Daha sonra tədbir müxtəlif sessiyalarda davam edib.
Forum çərçivəsində nazir Əbülfəs Qarayev bir sıra görüşlər keçirib.
Bolqarıstanın mədəniyyət naziri Boil Banov ilə keçirilmiş görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, əlaqələrin daha da genişləndirilməsi üçün perspektiv layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Macarıstanın mədəniyyət üzrə dövlət katibi xanım Orşoa Paçai Tomaşiç ilə görüşdə bu ölkənin elm və mədəniyyət xadimlərinin Azərbaycana dərin maraq göstərdiyi vurğulanıb. Xalqlarımızın tarixən yaxın köklərlə bağlı olduğunu bildirən dövlət katibi, habelə görüşdə iştirak edən macar tədqiqatçılar Azərbaycan ilə birgə arxeoloji tədqiqatlar aparmaq arzusunda olduqlarını bildiriblər.
Öz növbəsində nazir Əbülfəs Qarayev ölkəmizdə bu sahədə mövcud təcrübədən bəhs edərək layihənin Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə həyata keçirilməsi üçün geniş imkanlar olduğunu diqqətə çatdırıb.
Nazirin Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin rektoru Vladimir Malışev ilə görüşündə adıçəkilən tədris müəssisəsində azərbaycanlı tələbələrin təhsili üçün şərait yaradılması razılaşdırılıb.