Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans 2019-cu ilin 16-18 aprel tarixində Bakı şəhərində keçiriləcək. Prezident İlham Əliyev noyabrın 15-də bununla bağlı Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra həyata keçirilən islahatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə üzrə beynəlxalq standartlara uyğun institusional və qanunvericilik tədbirləri həyata keçirilib, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq münasibətləri qurulub. Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Konfransın 2019-cu ildə Azərbaycanda keçirilməsi barədə qərar  ölkəmizin beynəlxalq təşkilatlarla tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir.

Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakıda keçirilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənovdur. Komitənin tərkibində müvafiq nazirliklər, dövlət qurumları, ictimai təşkilat rəhbərləri yer alıb. Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Təşkilat Komitəsinin üzvüdür.

Təşkilat Komitəsinə beynəlxalq konfransın keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.