Sabirabad

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə regional idarələr arasında incəsənət ustaları və bədii özfəaliyyət kollektivlərinin qarşılıqlı səfərləri keçirilir.

Noyabrın 13-də Sabirabad Regional Mədəniyyət İdarəsinin bədii özfəaliyyət kollektivləri Kürdəmir rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan – ana yurdum” adlı konsert proqramı təqdim ediblər.

Sabirabad rayon Mədəniyyət Mərkəzinin rejissoru S.Əliyev tədbiri açaraq iştirakçıları salamlayıb.

Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən Q.Quliyev adına xalq çalğı alətləri ansamblı çıxış edib. Səslənən ifalar alqışlarla qarşılanıb. Sonda A.İsgəndərov adına Xalq teatrının rejissoru S.Əliyevin ifasında poetik kompozisiya təqdim olunub.

 

Biləsuvar

Heydər Əliyev Mərkəzində Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin təşəbbüsü və Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Mədəniyyətin idarə olunmasının müxtəlif aspektləri: nəzəriyyə və təcrübə” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə müasir mədəniyyətin aktual problemlərinə həsr olunan məruzələr dinlənilib, yerli mədəniyyət işçiləri ilə müzakirələr aparılıb.

 

Xaçmaz

Tarix-diyarşünaslıq muzeyində “Uşaq hüquqları aylığı”na həsr olunmuş tədbir təşkil olunub.

Muzeyin direktoru P.Mehdiyeva bildirib ki, Azərbaycan artıq 25 ildir BMT-nin “Uşaq hüquqları haqqında” konvensiyasına qoşulub. Rayon Gənclər və idman idarəsinin rəisi E.Məmmədov ölkədə uşaq hüquqları ilə bağlı görülən tədbirlər, həyata keçirilən layihələr barədə danışıb.

Tədbirdə erkən nikahlar, gənclərin narkomaniyaya, xırda cinayətlərə, dini radikalizmə cəlb olunması təhlükəsindən bəhs olunub.

Xaçmaz Uşaq və Gənclər kitabxanasında yaradılan “Uşaq hüquq mərkəzi” və bu mövzuda buraxılan müxtəlif nəşrlər barədə məlumat verilib. Qonaqlar kitabxananın təşkil etdiyi sərgi ilə tanış olublar.