Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz və Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Xızıdakı Heydər Əliyev Mərkəzində Qarabağ müharibəsinə həsr olunmuş “Yarımçıq xatirələr” filmi nümayiş olunub.
Filmin nümayişindən sonra gənc mədəniyyət işçiləri arasında müzakirə aparılıb.
Müzakirələrdə Azərbaycan kinosunun inkişafından söz açılıb, müasir kinematoqrafların Qarabağ mövzusuna və ümumilikdə, vətənpərvərlik mövzusuna daha çox müraciət etməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, 2015-ci ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən filmin ssenari müəllifləri Yuri Vorobyov və Yavər Rzayev, rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, prodüseri Müşfiq Hətəmov, bəstəkarı Polad Bülbüloğludur.
Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Qarabağı erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyindən bəhs edir.