Moskvada “Tarix və mədəniyyət kontekstində Türkiyə və Rusiya” adlı panel təşkil olunub

Noyabrın 13-də Moskvada Yunus Əmrə İnstitutu Türk Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Türkiyənin Rusiyadakı səfirliyinin dəstəyi və Türk Hava Yollarının dəstəyi ilə “Tarix və mədəniyyət kontekstində Türkiyə və Rusiya” adlı panel düzənləndi.

Tədbirdə Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz, Yunus Əmrə İnstitutu Türk Mədəniyyət Mərkəzinin rəhbəri Ömər Özkan, Türkiyənin tanınmış tarixçisi, professor İlber Ortaylı, məşhur rusiyalı türkoloq Dmitri Vasilyev, elm və mədəniyyət nümayəndələri, mətbuat təmsilçiləri, tələbələr iştirak edirdi.

Səfir H.Diriöz öz çıxışında Türkiyə-Rusiya münasibətlərinin hər keçən gün daha irəli nöqtələrə getdiyini vurğulayaraq “Mədəniyyət sahəsində münasibətlərimiz barədə də eyni fikirləri ifadə edə bilərəm. O üzdən belə panellər bizim üçün önəmlidir”, - deyə əlavə etdi. Diplomat İlber Ortaylı və Dmitri Vasilyevə bu tədbirə qatıldıqlarına görə minnətdarlığını bildirdi.

Sonra növbə ilə kürsüyə qalxan iki görkəmli elm adamı Türkiyə-Rusiya əlaqələrindən bəhs etdilər.

İlber Ortaylı öncə Rusiya və Türkiyə arasında barış və əməkdaşlığın bütövlükdə region üçün əhəmiyyətini vurğuladı. Türkiyənin Sovet İttifaqı ilə heç bir zaman savaş vəziyyətində olmadığını xatırladan tarixçi dedi: “Birinci Dünya müharibəsindən ayrı-ayrı cəbhələrdə çıxmağımıza baxmayaraq, o zaman səhiyyə, təhsil, nəqliyyat və s. sahələrdə əməkdaşlıqda əhəmiyyətli irəliləyiş əldə etdik. Araya İkinci Dünya müharibəsi girməsəydi, bu proses daha da inkişaf edə bilərdi”.

Rusiya Elmlər Akademiyası Şərq Tarixi İnstitutunun tarix bölümünün rəhbəri Dmitri Vasilyev də öz çıxışında iki ölkə arasında münasibətlərin tarixinə toxundu. O, Rusiya tarix boyunca ən qabiliyyətli diplomatlarını Türkiyəyə göndərdiyini söylədi: “Rusiya və Türkiyə arasında əlaqələr nə zaman yaxşılaşırsa, bu, Avropa ölkələrini narahat edirdi. Əlaqələri pozmaq üçün Rusiyada və Osmanlıda təxribat xarakterli addımlar atılırdı. Ancaq həm Rusiya, həm də Türkiyə bir-birlərinə son dərəcə yaxın mədəniyyətləri ilə bu çətinlikləri aşmağı bacarmışlar”.

Çıxışlardan sonra tarixçilərə suallar verildi. Sonra səfir Hüseyn Diriöz hər iki professora xatirə plaketi təqdim etdi.

Mehparə SULTANOVA
Moskva