Slovakiyanın Baş naziri Peter Pelleqrinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər gedişində tarixi-mədəni irs məkanları ilə də tanış olub.
Baş nazirin müavini və maliyyə naziri Peter Kazimir və onu müşayiət edən şəxslər noyabrın 14-də Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət ediblər.
Qonaqlar əvvəlcə qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıblar.
Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev məlumat verib ki, Qobustan qayaüstü rəsmləri açıq səma altında qoruq-muzey kimi dünyada böyük şöhrət qazanıb. Bu maddi mədəniyyət nümunələri eramızdan əvvəl təxminən 20 min illik dövrü əhatə edir. Qobustan qayaüstü rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.
Qeyd edilib ki, Qobustan Milli Tarix-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə qoruq muzeyi üçün ən müasir standartlara uyğun bina tikilib.
Nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilib.
Qədim insan məskəni ilə tanışlıqdan sonra qonaqlar ərazidə aparılmış tədqiqat işləri ilə də maraqlanıblar və qoruqdan xoş təəssüratla ayrılıblar.