Beynəlxalq qısa filmlər festivalı başa çatdı

Noyabrın 17-də Beynəlxalq Muğam Mərkəzində IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış mərasimi keçirildi.

Festival ölkə başçısının “Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında” sərəncamının icrası ilə bağlı tədbirlər çərçivəsində Mədəniyyət, Gənclər və İdman nazirlikləri və “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə reallaşıb. Gənclər Fondu, Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi və “CinemaPlus” kinoteatrlar şəbəkəsi festivala təşkilati dəstək verib.

Mərasimdə çıxış edən “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov festivalın gənc kinematoqrafçılara stimul verdiyini diqqətə çatdırdı. O, ölkəmizdə bu cür layihələrin genişlənməsinin vacibliyindən danışaraq, gənclərin müxtəlif ölkələrdən olan həmkarlarının işləri ilə tanış olması, fikir mübadiləsi aparması baxımından festivalın önəmini qeyd etdi.

Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov Azərbaycan kinosunun 120 illiyi çərçivəsində çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdırdı, yubiley ilində IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının təşkil edilməsinin əhəmiyyətini vurğuladı.

Vaxtilə bu festivalın münsiflər heyətində yer aldığını xatırladan Mədəniyyət Nazirliyinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri Cəmil Quliyev ildən-ilə həm yerli, həm də əcnəbi gənclərin festivala marağının artdığını dedi.

Festivalın direktoru Fehruz Şamıyev beynəlxalq və yerli müsabiqə proqramında “Qızıl nar” uğrunda 30 ölkədən 100 filmin mübarizə apardığını bildirdi, hər iki müsabiqənin jürisinə minnətdarlıq etdi. Bildirdi ki, beynəlxalq müsabiqə (72 film) üzrə filmləri Ayaz Salayev, Zəhra Bədəlbəyli (hər ikisi Azərbaycan), Kambuzia Partovi (İran), Gülbara Tolomuşova (Qırğızıstan), Tobias Büxner (Almaniya) qiymətləndiriblər. Yerli müsabiqə (28 film) bölməsinin münsifləri Mirbala Səlimli, İlqar Fəhmi və Cavid Təvəkkül olub.

Daha sonra qaliblərin adları açıqlandı və mükafatlar təqdim edildi.

Beynəlxalq müsabiqədə “Qızıl nar” mükafatı “Ən yaxşı bədii film” nominasiyasında türkiyəli rejissor Onur Yağızın “Torpaq” filminə verildi. “Ən yaxşı sənədli film” üzrə iranlı rejissor İman Behruzinin “Əsl məhəbbət”, “Ən yaxşı animasiya filmi” olaraq almaniyalı rejissor Conatan Şvenqin “Daşqın” filmi mükafatlandırıldı. Rusiyalı rejissor Nataliya Konçalovskaya “Bahar” filminə görə “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görüldü.

Yerli müsabiqənin qalibləri isə “Ən yaxşı bədii film” üzrə Pərviz Gülməmmədovun “Oğul”, “Ən yaxşı sənədli film” üzrə Emil Əlinin “Adam”, “Ən yaxşı rejissor” üzrə Orxan Adıgözəlovun “Bir saniyə”, “Ən yaxşı ssenari” üzrə Fərid Kərimin “Sonar”, “Ən yaxşı operator” üzrə Elvin Əhmədoğlunun “Yaddaş” filmi seçildi.

Qeyd edək ki, festival 35 yaşadək rejissorların maksimum 35 dəqiqəlik qısametrajlı filmlərinin müsabiqəsini və nümayişini nəzərdə tutur. Bu il festivala 45 ölkədən 490 qısametrajlı film təqdim olunmuş, Təşkilat komitəsinin təyin etdiyi seçim komissiyasının qərarına əsasən 100 film müsabiqə mərhələsinə keçmişdi.

Fariz HÜSEYNOV