Noyabrın 19-da Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada “Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı” başlanıb.
Layihə böyük Azərbaycan şairi və mütəfəkkiri, dahi söz ustadlarından biri olan İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığının təbliği və iki ölkə arasında mədəni-ədəbi əlaqələrin genişləndirilməsi məqsədi daşıyır. Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə sentyabrın 27-30-da Azərbaycanda ilk dəfə “Nəsimi – şeir, sənət və mənəviyyat festivalı” keçirilib.
Rusiya paytaxtındakı festival çərçivəsində ilk olaraq Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) şairin büstünün təntənəli açılış mərasimi oldu. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış etdi.
O, Moskvada böyük şair, mütəfəkkir Nəsimiyə həsr olunmuş tədbirin əhəmiyyətini vurğulayaraq bildirdi ki, Nəsimi Azərbaycan ədəbiyyatının inkişafında böyük rol oynayıb, əsərləri ilə Azərbaycan ədəbi dilinin formalaşmasına mühüm töhfələr verib: “Nəsimi poeziyası müasir dövrümüzdə də yaşayır və aktualdır. Bu ilin sentyabrında Azərbaycanda ilk dəfə Nəsimiyə həsr edilmiş mənəvi-poetik yaradıcılıq festivalı keçirilib. Nəsimi fəlsəfəsi o qədər dərindir ki, sonsuzluğu qavramağa, insan şüurunun ən dərin qatlarına nüfuz etməyə və bir çox hadisələri yozmağa qabildir. Biz son dərəcə minnətdarıq və şadıq ki, bu gün Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun binasında bu dahi insanın büstünü açırıq. Çünki bizim vəzifələrimizdən və arzularımızdan biri budur ki, Nəsimini tanısınlar, onun poeziyasını oxusunlar və bu poeziya yaşasın. Həqiqət zamanın fövqündə dayanan anlayışdır. Nəsiminin tükənməz ilham mənbəyi gözəllik, məhəbbət və təbiətdir”.
Leyla Əliyeva Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunova, universitetin digər məsul şəxslərinə və Nəsiminin büstünün müəllifi Mahmud Rüstəmova təşəkkürünü bildirdi. Sonra öz şeirini oxudu.
MDBMİ-nin rektoru, akademik Anatoli Torkunov çıxış edərək bildirdi ki, Nəsiminin büstünün qoyulması universitet üçün böyük şərəfdir: “Öz böyük sələflərinin, o cümlədən İmadəddin Nəsiminin irsinə - çox güclü mədəni təbəqəyə söykənən Azərbaycan bu gün də mədəni inkişaf yolu ilə durmadan sürətlə irəliləyir. Azərbaycanda olan hər kəs bunu etiraf edə bilər. Mən görürəm ki, respublikada böyük dəyişikliklər, o cümlədən Azərbaycan xalqının topladığı tarixi irsə münasibətdə dəyişikliklər baş verir. Bizim üçün tamamilə aydın məsələdir ki, Nəsimi dünya poeziyasının ən mükəmməl nümunələri arasında yer tutmağa layiq olan əsərlərində həmişə ilk növbədə insanın böyüklüyünü, bəşəri sevgini və şəxsiyyət azadlığını tərənnüm edib. Nəsiminin yaradıcılığı Azərbaycan xalqının və bir sıra digər xalqların bədii-ictimai təfəkkürünün inkişafına böyük təsir göstərib və göstərməkdədir”.
Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu bu nüfuzlu təhsil ocağında Azərbaycanın böyük şairi, mütəfəkkiri və filosofunun büstünün qoyulmasının əhəmiyyətini vurğuladı. Diplomat büstün yaradılmasına görə Heydər Əliyev Fonduna və heykəltəraşa təşəkkürünü ifa edərək dedi ki, bizim üçün bu universitet çox dəyərlidir, çünki ümummilli liderimiz, böyük dövlət xadimi Heydər Əliyev və prezidentimiz İlham Əliyev bu ali təhsil ocağının fəxri doktorlarıdır. Bugünkü tədbirin Azərbaycanla Rusiya arasında sarsılmaz dostluğun daha bir təsdiqi olduğunu vurğulayan Polad Bülbüloğlu universitetin rəhbərliyinə, müəllim və professor heyətinə uğurlar arzuladı.
Açılış mərasimində Yevgeni Vaxtanqov adına Moskva Dövlət Akademik Teatrının aktyoru Eldar Tramov tarzən Qorxmaz Axundovun müşayiəti ilə Nəsiminin şeirlərini oxudu.
* * *
Həmin gün “Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı” çərçivəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunda “Nəsiminin mənəvi irsi Orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində” mövzusunda beynəlxalq elmi-praktik konfransın açılışı oldu. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konfransın açılışında iştirak etdi.
İnstitutun direktoru İqor Abılqaziyev çıxış edərək bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri, Azərbaycanın və Sovet İttifaqının böyük dövlət xadimi Heydər Əliyev Nəsimi irsinin populyarlaşmasında bilavasitə iştirak edib. Onun təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub. Nəsiminin əsərləri dünya poeziyasının mükəmməl nümunələrindən biridir. Böyük şairin irsi Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələdir. Azərbaycan poeziyasının humanizm ideyaları ilə zənginləşməsində və yeni məzmun kəsb etməsində unudulmaz şairin xidmətləri ölçüyəgəlməzdir”.
Festivalın Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə keçirildiyini diqqətə çatdıran direktor layihənin bu institutda gerçəkləşməsinə görə təşəkkürünü bildirdi.
Səfir Polad Bülbüloğlu qeyd etdi ki, Nəsimi ideologiyasının əsasını təşkil edən dəyərlər indi də müasirdir. Nəsimiyə həsr olunmuş konfransın məhz Azərbaycan dilinin tədris olunduğu bu institutda keçirilməsinin də diqqətəlayiq olduğunu vurğulayan diplomat dedi: “Biz fəxr edirik ki, sizin tələbələriniz Azərbaycan dilini öyrənirlər və bu dildə yetərincə yaxşı danışırlar. Mən Azərbaycan dilini öyrənən tələbələrə böyük uğurlar arzulayıram”.
Sonra tələbələr Nəsiminin şeirlərini müxtəlif dillərdə oxudular, Azərbaycan bəstəkarlarının mahnılarını ifa etdilər. Rejissor Namiq Ağayevin quruluşu əsasında Azərbaycan aktyorlarının ifasında “Mərhəba” adlı musiqili-poetik tamaşa təqdim edildi. Tamaşanın bəstəkarı Rüfət Xəlilov, xoreoqrafı Rumiyye Ağayeva, prodüseri isə Vasif Ayan idi. Tamaşa böyük maraqla qarşılandı.
Qeyd edək ki, konfransın bədii hissəsini M.V.Lomonosov adına MDU-nun Asiya və Afrika Ölkələri İnstitutunun Orta Asiya və Qafqaz xalqları kafedrasının müdiri Jibek Sızdıkovanın rəhbərliyi ilə kafedra əməkdaşları hazırlamışdı. Nəsiminin şeirlərini də məhz bu kafedrada Azərbaycan dilini öyrənən tələbələr ifa edirdi.
* * *
Noyabrın 20-də konfrans işini davam etdirdi. Konfransda “Nəsimi festivalı: ideoloji-mədəni irsin dinamik interpretasiyası təcrübəsi”, “Nəsimi və Yan Qus. Şərqlə Qərbin mədəni vəhdəti”, “Nəsimi dili – dünən, bu gün və sabah” və s. mövzularda məruzələr dinlənildi.
Mehparə SULTANOVA
Moskva