Və ya dönə-dönə ölmək məcburiyyəti

“Öldürün onu, öldürün!” Bu sözlər indi də qulaqlarımda səslənəndə elə bil məni zülmətin ən dərin uçurumuna atırlar. Məgər nə vaxtsa insan dilindən belə qorxunc sözlər çıxıbmı? Məgər nə vaxtsa insan belə dəhşətli sözlər eşidibmi? “Məgər nə vaxtsa...”  – sual və nidanın qarışdığı bu kinayəli qəhqəhədə adamın doğru ilə yalan arasındakı incə körpüdən salamat keçməsi müşkül olur. Elə bu ağrının səhnə yozumu da mahiyyəti hiss etdirəcək boyalarda idi.

Yuğ Dövlət Teatrında səhnə həyatına başlayan “Müəmmalı bir qətlin üç versiyası” tamaşası ədaləti axtarmağın axmaq bir arzu olduğunu, yaxud ən qatı cinayətə belə özlüyündə haqq qazandırmağın mümkünlüyünü göstərir. Ziddiyyətli və dramatik, intiharla nəticələnən təzadlı həyat yaşamış yapon yazıçısı Rünoske Akutaqavanın “Cəngəllikdə” novellası əsasında hazırlanmış bu tamaşa teatrın və quruluş müəllifinin özünəməxsus estetika və baxış bucağı ilə səsləşməkdədir.

Tamaşaya teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə quruluş verib. Səhnə əsərinin quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir. Tamaşada Yuğ teatrının aparıcı aktyorları – Əməkdar artist Gülzar Qurbanova (Qadın), Oktay Mehdiyev (Quldur), Əbdülqəni Əliyev (Ər), Vüqar Hacıyev (İttihamçı), Amid Qasımov (I Şahid), Elşən Əsgərov (II Şahid) çıxış edirlər.

Rejissorun tamaşanın yozumu barədə dedikləri: “Mütləq həqiqət yoxdur. Nə irrasional, nə mistik, nə intuisiya, nə fideizm prinsipi burda əsas götürülə bilməz. Heç yerdə həqiqət birmənalı deyil. Hadisəyə hər baxış bucağında bir həqiqət var. Kimsə əksini sübut edə bilmədiyi kimi, əslində, baş verənlərin tam sübutu da mümkün deyil. Hadisə var – müəmmalı bir qətl. İştirakçılar qiyabi və əyanidir. Həqiqət isə iştirakçıların sayı qədərdir. Əsər detektiv təsiri bağışlasa da, daha çox fəlsəfi metaforik üsluba meyillidir. Cəngəllikdə bir ölüm, bir zorlanma hadisəsi baş verib. Əsas sual ortadadır. Kim kimi öldürüb? Bu suala üç müxtəlif cavab-yanaşma var. Cavab-həqiqət isə yoxdur. Əslində, hadisə necə baş verib?»

İndi isə keçək bu sualların quruluş, həll və ifa yozumuna. Tamaşa boyu durmadan suallar qoyulur və onlara cavablar axtarılır. Yəni fakt ön plana keçir və müəllifin faktın kölgəsində verdiyi ştrixlər, alt qatdakı əsas dramatizm qətl və günahkar axtarışı fonunda öləziyir. Tamaşada məhkəmə, hökm və isbatın həllinə detektiv fonda ayaq verilir. Bu məqamlardakı dinamizm, təbii ki, tamaşanın ümumi tempinə də müsbət təsir edir.

Rejissorun qara və sadə səhnə geyimini seçməsi, cəngəllik təsvirində səhnəni xəzələ bürüməsi, baş verən faciənin qara-qırmızı rəng kontrastında ifadəsi tamaşaçını yormur, əksinə, məhdud dairədə aktyorun seyrçi ilə birbaşa əlaqəsinə zəmin yaradır. Səhnənin ortasındakı 4 oturacaq, şahid-ittihamçı, müttəhim, hakim gəzişməsi də baxımlı idi. Təbii ki, rejissorun bəzən, sadəcə, tempi saxlamaq üçün aktyorlara dəyişən vəziyyətlərlə artıq var-gəl verməsi bir neçə məqamda onların oyununa, özlərini ifadəsinə müəyyən qədər mane olurdu.

Sadalananları nəzərə almasaq, sırf aktyor oyunu və ümumi qayənin tamaşaçıya təsiri baxımından Vüqar Hacıyev, Amid Qasımov, Elşən Əsgərov yadda qala bildilər. Məncə, bu tamaşanın hərəkətverici qüvvəsi isə Oktay Mehdiyev idi. Aktyor kimi dinamizmi, mimika və səs tembrini sürətlə “oynada” bilməsi onun üstünlüyüdür. Təbii ki, bəzi monoloqlarda, xüsusən, ibarələrdə yerinə düşməyən qışqırıq və hökmranlığını nəzərə almasaq. Unutmaq olmaz ki, o bu qətldə ittiham olunan tərəfdir. Gülzar Qurbanova faktura və plastika baxımından burada da üstünlüyünü sərgiləyə bilir. Gənc, gözəl, ağıllı və cazibədar qadının başına gətirilənlərə reaksiyası anlaşılan idi. Epizodik rolda çıxış edən Əbdülqəni Əliyev də tamaşaçını cəlb etməyi bacardı.

Əsərdə yeddi şahid – odunçu, rahib, keşikçi, qoca qarı, quldur, qadın və öldürülənin ruhunun istintaqa dediklərini rejissor ixtisar etsə də, əsas məğzi – günahkar axtarmağın bu hadisə fonunda nə qədər zəhlətökən olduğunu saxlayıb.

Həmidə NİZAMİQIZI