Mehdi Məmmədovun 100 illiyi qeyd edilib

Noyabrın 20-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində görkəmli teatr rejissoru, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədovun (1918-1985) 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Sənətkarın 100 illiyi haqqında ölkə başçısının imzaladığı müvafiq sərəncama əsasən təşkil olunan tədbir Teatr muzeyi və Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinin təşkilatçılığı ilə gerçəkləşib.

Rejissorun yaradıcılığından söz açan muzeyin direktoru Sevinc Mikayılova zəngin elmi təfəkkürə malik Mehdi Məmmədovun milli teatrşünaslıq elminin inkişafında rolundan, quruluş verdiyi tamaşalardan ətraflı danışıb.

Əməkdar incəsənət xadimləri Aydın Talıbzadə, Bəhram Osmanov, teatrşünas Əsəd Məmmədov çıxış edərək M.Məmmədovun həyat və yaradıcılığının bəzi məqamlarından söz açıblar. Bildirilib ki, Mehdi Məmmədov XX əsrdə milli rejissorluq sənətinin ən parlaq simalarından biri olub. O, ümumilikdə 60 səhnə əsərinə quruluş verib: “On ikinci gecə”, “Madrid”, “Od gəlini”, “Oqtay Eloğlu”, “Şeyx Sənan”, “İblis”, “Hamlet”, “Xəyyam”, “Müfəttiş”, “Canlı meyit”, “Romeo və Cülyetta”, “Dəli yığıncağı” və s. Bu tamaşaların hər biri Azərbaycan teatr sahəsində tarixi hadisəyə çevrilib.

Mehdi Məmmədov Akademik Dram Teatrının baş rejissoru olduğu 10 il ərzində 12 tamaşanı səhnələşdirib. Onun Opera və Balet Teatrının səhnəsində quruluş verdiyi “Toska”, “Lakme”, “Sevil”, “Koroğlu”, ilk dəfə romantik və modernist üslubun vəhdətində ərsəyə gətirdiyi “Leyli və Məcnun” musiqili dramı, Rus Dram Teatrında hazırladığı “Həyatın dibində”, “Mənim Nadejdalarım” tamaşaları rejissorun təxəyyülünün genişliyindən, ən əsası isə, bu genişliyi sərrast sərf etmək istedadından xəbər verir.

Vurğulanıb ki, Mehdi Məmmədov keçmiş SSRİ məkanında yüksək peşəkarlıq xüsusiyyətlərini kamilliklə özündə birləşdirən az sayda sənətkarlardan idi. Onun portreti indiyədək Moskva Teatr Akademiyasının divarını bəzəyən korifeylərin portretləri ilə bir sıradadır.

Diqqətə çatdırılıb ki, Mehdi Məmmədov ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul olub. Mədəniyyət və İncəsənət Universitetində çalışmaqla yanaşı, Bakı Dövlət Universitetində etika və estetikadan dərs deyib. Onun “Rejissor sənəti”, “Həyat və sənət yollarında” və digər kitabları bu gün də elmi dəyərini saxlamaqdadır və dərs vəsaiti kimi istifadə olunur.

Mehdi Məmmədovun Hökümə Qurbanovaya həsr etdiyi “Onun sənət ulduzu” araşdırma və müşahidələr toplusu aktyorluq sənəti və aktyor şəxsiyyəti haqqında ən yaxşı kitablardan biridir. Rejissorun “Azərbaycan dramaturgiyasının estetik problemləri” adlı doktorluq dissertasiyası sənətşünaslıq elmində ən dəyərli tədqiqatlardandır.

Tədbirdə Mehdi Məmmədovun həyat və fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət videoçarx nümayiş olunub.