Noyabrın 22-si Azərbaycan kino sənətinin iki görkəmli nümayəndəsinin – rejissor, operator, Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun və aktyor, Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Məmmədovun dünyaya gəldiyi gündür. Rasim Ocaqovun anadan olmasının 85-ci ildönümü, Həsən Məmmədovun isə 80 illik yubileyi tamam oldu. Bu münasibətlə hər iki sənətkarın məzarı ziyarət olunub, xatirələri yad edilib.
Mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri ikinci Fəxri xiyabana gələrək Rasim Ocaqovun məzarı önünə əklil və tər çiçəklər düzüblər.
Anım mərasimində, kinorejissor, Xalq artisti Eldar Quliyev ekran əsərləri ilə milli kino sənətimizə dəyərli töhfələr vermiş Rasim Ocaqovun ömür yolu və zəngin yaradıcılığına nəzər salıb. Bildirib ki, R.Ocaqovun filmləri həmişə yaşayacaq: “Rasim Ocaqovun ekran əsərləri əbədiyaşardır, onun filmlərinə baxarkən hamı biləcək ki, Azərbaycanda, bu torpaqda belə görkəmli şəxsiyyət yaşayıb. O deyirdi: “Kino işi ağır sənətdir. Əvvəl istəyirsən elə film çəkəsən ki, valideynlərinin qarşısında utanmayasan. Vaxt gəlir elə film çəkmək istəyirsən ki, övladlarının yanında utanmayasan”. İllər ötür, yeni-yeni ekran əsərləri yaradılır, ancaq onun çəkdiyi filmlər hər zaman sevilə-sevilə baxılır”.
Rasim Ocaqovla uzun müddət birgə çalışmış kinooperator, Əməkdar incəsənət xadimi Rafiq Qəmbərov xatirələrini bölüşüb: “Rasim Ocaqov həmişə Azərbaycan mədəniyyətinin, kinosunun tarixində yaşayacaq. Çünki onun yaradıcılığı bənzərsiz, çəkdiyi filmlər böyük rejissor istedadının, qəlbinin məhsuludur. O, milli olduğu qədər də bəşəridir. Onun adı dünya kino nəhəngləri ilə bir sırada çəkilməyə layiqdir”.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova vurğulayıb ki, kino Rasim Ocaqovun həyatı, varlığı idi. O özünü kinodan ayrı hiss edə bilmirdi: “Rasim Ocaqov kino sənətimizdə bir ocaq yandırdı və bu ocaq heç zaman sönməyəcək. Şərəfli və mənalı ömür yaşayan kinorejissor bütün həyatını milli kinomuzun inkişafına həsr etdi. O, kinonun nəbzi idi”.
Rejissor, aktyor, Əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov Rasim Ocaqovu Azərbaycan xalqına başucalığı gətirən şəxsiyyət adlandırıb. “Nə yaxşı ki, Azərbaycan kino mədəniyyətində, kino tarixində, kino salnaməsində Rasim Ocaqov faktoru var və çox xoşbəxtəm ki, bu faktor mənim kinoda olan dövrümə düşüb. Mən o böyük ustadla yoldaşlıq, dostluq eləmişəm, çiyin-çiyinə yaradıcılıq işləri aparmışam, ondan öyrənmişəm”, - deyə o qeyd edib.
* * *
Noyabrın 22-də ikinci Fəxri xiyabanda unudulmaz aktyor Həsən Məmmədovun xatirəsi də anılıb.
Anım mərasimində C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov ekran əsərləri ilə milli kino sənətimizə dəyərli töhfələr vermiş Həsən Məmmədovun ömür yolu və yaradıcılığından bəhs edib. Bildirib ki, Prezident İlham Əliyevin bu il iyulun 30-da imzaladığı sərəncamla sənətkarın 80 illik yubileyi qeyd edilir.
Müşfiq Hətəmov vurğulayıb ki, Həsən Məmmədov xoşbəxt sənətkardır. Onun çəkildiyi “Böyük dayaq”, “Yeddi oğul istərəm”, “Gün keçdi”, “Arxadan vurulan zərbə”, “İstintaq”, “Dədə Qorqud”, “Axırıncı aşırım” və digər filmlər Azərbaycan kinosunun Qızıl Fondunu təşkil edir. Həsən Məmmədov həmişə yaratdığı obrazın canlı, təbii olmasına, yadda qalmasına, tamaşaçılar tərəfindən sevilməsinə çalışıb və buna nail olub.