Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə noyabrın 25-də Qax şəhərində növbəti “Milli mətbəx bayramı” keçirilib.
Mədəniyyət mərkəzində təşkil olunan tədbirdə Qax, Zaqatala, Balakən, Şəki və Oğuz rayonlarının milli mətbəxinə aid nümunələr, həmçinin xalq sənətkarlarının, tətbiqi sənət ustalarının əl işləri nümayiş etdirilib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova, Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova və rayonlardan dəvət olunmuş qonaqlar əvvəlcə bölgə kulinarlarının hazırladıqları milli mətbəx nümunələrinin sərgisi ilə tanış olublar.
Bayram tədbiri sonra Mədəniyyət mərkəzinin zalında konsert proqramı ilə davam edib. Tədbirdə Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə məsləhətçisi Dilarə Əzizova bölgənin milli mətbəxinin təbliği və tanıdılması baxımından belə tədbirlərin əhəmiyyətindən bəhs edib.