Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 85 illiyi noyabrın 24-də onun doğulub boya-başa çatdığı Şəki şəhərində qeyd olunub.
Şəhər rəhbərliyi, sənətkarın ailə üzvləri və sənət dostları, yubiley tədbirinə dəvət olunan qonaqlar, mədəniyyət və incəsənət xadimləri əvvəlcə Rasim Ocaqovun şəhərin “Güyümlər” dairəsi ərazisindəki barelyefi önünə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. 2008-ci ildə qoyulmuş barelyefin müəllifi Xalq rəssamı Natiq Əliyevdir.
Sonra tədbir iştirakçıları Rasim Ocaqovun adı verilmiş Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzinin açılışında iştirak ediblər. Mərkəzin nəzdində uşaq kino-foto studiyası da fəaliyyət göstərəcək.
Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova, Təhsil Nazirliyinin şöbə müdiri Vasif Məmmədov mərasimdə çıxış ediblər. Sonra musiqili proqram təqdim edilib.
* * *
Həmin gün Şəki şəhərində Rasim Ocaqovun anadan olmasının 85 illiyi münasibətilə yubiley tədbiri keçirilib.
Tədbirin əvvəlində sənətkarın həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirilib.
Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Rasim Ocaqovun 85 illiyinin qeyd olunmasının Şəkinin mədəni həyatında əlamətdar hadisə olduğunu bildirib. Vurğulanıb ki, görkəmli kinorejissorun yaradıcılığında Şəki mövzusu xüsusi yer tutur. O, doğulduğu yerə qəlbən bağlı idi. Onun bir sıra filmlərindəki şəkili obrazlarında burada yaşayan insanlara xas olan xüsusiyyətlər böyük sənətkarlıqla canlandırılıb. Rasim Ocaqovun xatirəsi anadan olduğu şəhərdə daim əziz tutulur. Şəkidə onun yaşadığı evə xatirə lövhəsi vurulub, “Güyümlər” meydanında barelyefi qoyulub. Şəhərin küçələrindən biri sənətkarın adını daşıyır. Yubiley tədbirləri çərçivəsində açılışı olan Şəki Uşaq Gənclər İnkişaf Mərkəzi də onun adını yaşadacaq.
Rasim Ocaqovla bağlı xatirələrini bölüşən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Dövlət mükafatları laureatı, Xalq artisti Şəfiqə Məmmədova deyib: “Azərbaycan milli kinosunda elə bil ayrıca kino adası var - Rasim Ocaqovun kinosu. Mən özümü çox xoşbəxt insan sayıram ki, o kinoya aidəm və orada varam. Rasim Ocaqov çox şərəfli, çox mənalı bir ömür yaşadı. Heç nədə gözü yox idi, filmləri idi onun varlığı. O, bu varlığı Azərbaycan xalqına miras qoyub getdi”.
Rasim Ocaqovun filmlərində rol almış xalq artistləri Hacı İsmayılov və Fəxrəddin Manafov kinorejissorla bağlı xatirələrini bölüşüblər.
Sonra Xalq artisti Rasim Ocaqovun 85 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının keçirdiyi “Şəki, mən səni sevirəm” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.
“Ən yaxşı bədii film” nominasiyasında rejissor Tahir Əliyevin “Xalisin arzuları”, “Ən yaxşı sənədli film” nominasiyasında Zamin Məmmədovun “Şəbəkə” filmi qalib olub. “Foto” nominasiyasında Nigar Pirimovanın “Qədim Şəki” fotosu mükafat qazanıb. Tacəddin Quliyevin “Şəki, mən səni sevirəm”, Rəşad Qasımovun “Rasim Ocaqov zirvəsi” filmləri, Azər Cəfərovun “Şəkinin uşaqları” fotosu münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.