2019-cu il yanvarın 25-dən 30-dək Bakıda İtaliya-Azərbaycan kinofestivalı keçiriləcək. Layihənin məqsədi gənc istedadların üzə çıxarılması və müxtəlif ölkələrin rejissorları arasında təcrübə mübadiləsidir.
Festival Azərbaycan Mədəniyyət Nazirliyi, “Imago Group” kino şirkəti, “Sandro Teti Editore” nəşriyyat evi və “United Cultures” qurumunun təşkilati dəstəyi ilə keçiriləcək.
Bu barədə jurnalistlərlə görüşdə festivalın təşkilatçıları – italyan kinorejissoru Rossi Massimi və “Imago Group” kino şirkətinin təmsilçisi Luçiya Maçaleni məlumat veriblər. Vurğulanıb ki, kinofestival Azərbaycan və İtaliya arasında mədəni əlaqələrin möhkəmlənməsinə də töhfə olacaq.
Tədbir çərçivəsində tanınmış rejissor və aktyorlarla görüşlər, ustad dərsləri də nəzərdə tutulub. Festivalda iştirak etmək üçün events@united-cultures.org. elektron ünvanında qeydiyyatdan keçmək lazımdır.
Festivalın müsabiqə bölmələrinə yerli və xarici bədii, sənədli filmlər 15 dekabr 2018-ci il tarixinədək təqdim edilə bilər. Müsabiqənin şərtləri və iştirak haqqında daha ətraflı məlumatı festivalın internet saytından (https://www.festivalitaloazerbaigiano.com) əldə etmək mümkündür.