Mədəniyyət nazirinin müavini Rafiq Bayramov konfransda çıxış edib
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti 3-5 dekabr tarixində İstanbul şəhərində Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı (UNWTO) və UNESCO tərəfindən birgə təşkil olunan 3-cü Dünya Mədəniyyət və Turizm Konfransında iştirak edir.
Konfransın məqsədi BMT-nin 2030-cu il üçün Davamlı İnkişaf Məqsədlərinin implementasiyasına töhfə verməklə mədəniyyət və turizm sahələri arasında inklüziv əlaqələrin qurulması və mədəni mübadiləni aktivləşdirmək üçün turizmin inkişafını təşviq etməkdir.
Konfransın əsas seqmenti Nazirlər toplantısıdır. Dünya ölkələrinin mədəniyyət və turizm üzrə məsul şəxslərini bir araya gətirən toplantıda çıxış edən nazir müavini Rafiq Bayramov Azərbaycanın zəngin mədəni irsi və turizm potensialından bəhs edərək son illərdə hər iki sahənin inkişafı üçün atılan addımlar və həyata keçirilən tədbirlər barədə məlumat verib.
Konfrans çərçivəsində, həmçinin mədəni turizm vasitəsilə şəhərlərin davamlı və kreativ inkişafı, mədəni müxtəlifliyi və irsi qorumaq, rəqəmsal transformasiya vasitəsilə mədəni turizmi hamı üçün əlçatan etmək mövzularında tematik sessiyaların keçirilməsi də nəzərdə tutulur.