Əgər ömrünü sənətə həsr etmiş aktyorları tanıtmaq üçün xüsusi axtarış sistemi olsaydı, yəqin ki, Hamlet Qurbanovun adı “unudulmaz və təkrarsız simalar” bölməsində qeyd edilərdi. 57 illik ömrü teatrda keçmiş Əməkdar artist Hamlet Qurbanov səksən yaşına xatirələrdə çatdı.

Dekabrın 3-də Abbas Mirzə Şərifzadə adına Aktyor evində görkəmli teatr və kino aktyorunun 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirildi. Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə keçən tədbiri Xalq artisti, uzun illər Hamlet Qurbanovla eyni kollektivdə çalışmış Hacı İsmayılov açdı. Bildirdi ki, bir neçə gündən sonra görkəmli opera müğənnisi və xanəndə, Xalq artisti, Hamlet Qurbanovun anası Gülxar Həsənovanın 100  illiyi ölkə başçısının sərəncamına uyğun olaraq təntənəli mərasimlə qeyd ediləcək. Məhz bu ərəfədə onun yeganə övladı, bənzərsiz aktyor, amansız xəstəliyin vaxtsız apardığı Hamlet Qurbanovun yubileyinin qeyd olunması maraqlı təsadüfdür: “Biz Hamlet Qurbanovun həyat və yaradıcılığını əks etdirən yubiley sərgisində Gülxar xanımın da səhnə fəaliyyətini əks etdirən fotolara geniş yer verməklə görkəmli aktrisa-müğənniyə ehtiramımızı da bildirmək istədik”.

Bildirildi ki, xalq artistləri Ağadadaş Qurbanovla Gülxar Həsənovanın ailəsində dünyaya göz açmış Hamletin sənətə gəlişi təsadüf olmayıb. O, hələ tələbə ikən Milli Dram Teatrında çalışmağa başlayıb. Görkəmli rejissorlar Mehdi Məmmədov və Tofiq Kazımov öz tamaşalarında bu yaraşıqlı cavana həvəslə müxtəlif rollar həvalə ediblər. Hamlet Qurbanov “Azərbaycanfilm”  kinostudiyasında istehsal olunmuş iyirmiyədək bədii filmdə, “Mozalan” kinojurnalının onlarla bədii süjetində maraqlı, bir-birinə bənzəməyən obrazlar yaradıb. Onun Milli Dram Teatrında oynadığı Şəkərlinski (“Kəndçi qızı”), Şamxal (“Şəhərin yay günləri”), Əliqulu  (“Əliqulu evlənir”), Ferdinand (“Fırtına”), İbrahim xan (“Vaqif”), Doktor Lalbyuz (“Dəli yığıncağı”), Cəmil (“Unuda bilmirəm”), televiziya tamaşalarındakı Sadıqov (“Atayevlər ailəsi”), İldırım Bəyazid (“Topal Teymur”), professor Tahir Mahirov (“Evləri köndələn yar”) kimi rolları tamaşaçıların yaxşı yadındadır.  

Yubilyarla təxminən on tamaşada tərəf-müqabil olmuş Xalq artisti İlham Namiq Kamal, onu hələ tələbəlik illərindən tanıyan, hətta toyunda belə qol qaldırıb süzmüş Xalq artisti Rafiq Əzimov Hamlet Qurbanovla bağlı xatirələrini bölüşdülər.

Əməkdar incəsənət xadimi Aydın Kazımzadə yubilyarın kino yaradıcılığı barədə danışdı, onun “Sevil” film-operasındakı Əbdüləli bəy və “Dədə Qorqud” filmindəki Qıpçaq Məlik kimi bir-birindən fərqli obrazlarını təhlil etdi.

Xalq artisti, rejissor Ağakişi Kazımov isə Hamlet Qurbanovla birlikdə çalışdığı tamaşaları, onun rejissor öyüdü çərçivəsinə sığmadan rol üzərində çalışmağını xatırladı.    

Sonda Hamlet Qurbanovun qohumu Mayıl Əliyev çıxış edərək tamaşaçı kimi xatirələrini bölüşdü və yubilyarın ailə üzvləri adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.

Gülcahan MİRMƏMMƏD