Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, regionlararası mübadilənin genişləndirilməsi məqsədini daşıyan “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı geniş əks-səda doğurub.

Bu fikir Cəlilabad rayonunda “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekununa həsr olunmuş tədbirdə vurğulandı.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev nazirliyin təşəbbüsü ilə cari ilin iyun-avqust aylarında reallaşan “Bölgələrdən bölgələrə” festivalının əhəmiyyətini yüksək qiymətləndirdi. Diqqətə çatdırıldı ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı ayyarım ərzində bütün ölkəmizi gəzib. Layihə iyunun 25-dən avqustun 10-dək ardıcıl olaraq hər həftə Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin şəhər və rayonlarında gerçəkləşib. Nazirliyin regional idarələri tərəfindən qurulan festival çadırları yerli sakinlərin və qonaqların marağına səbəb olub.

Diqqətə çatdırıldı ki, yerli icra orqanlarının da dəstəyi ilə reallaşan bu layihə ilk dəfə ölkəmizin bütün regionlarını əhatə etməklə onların mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə bütöv halında, bir festival meydançasında tanış olmaq imkanı yaratdı.

Nazir festivalın keçirilməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdi.

Əbülfəs Qarayev festivalın işinin təşkilinə verdiyi dəstəyə görə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov və Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılova nazirliyin fəxri fərmanlarını təqdim etdi.

Regional idarələrin rəislərinə və festivalda fəal iştirak edən kollektivlərə Mədəniyyət Nazirliyinin fəxri fərmanlarını nazir müavini Rafiq Bayramov təqdim etdi.

“Bölgələrdən bölgələrə” festivalının yekun tədbirində folklor və rəqs kollektivlərinin,  incəsənət ustalarının konsert proqramı nümayiş olundu.

Daha sonra tədbir iştirakçıları Cəlilabad Olimpiya İdman Kompleksində nümayiş etdirilən xalq sənətkarlıq nümunələrinin, rəssamların əl işlərinin sərgi-yarmarkası ilə tanış oldular.

Qeyd edək ki, “100 illik tariximiz” devizi altında reallaşan “Bölgələrdən bölgələrə” festivalına iyunun 25-də Masallı şəhərində (Masallı Regional Mədəniyyət İdarəsi) start verilmişdi. Festival iyunun 26-da Lənkəranda, iyunun 30-da Salyanda (Biləsuvar Regional Mədəniyyət İdarəsi), 1 iyulda Sabirabadda, 7 iyulda Füzuli rayonunun Horadiz şəhərində (Kürdəmir Regional Mədəniyyət İdarəsi), ardınca Ağdamın (Ağcabədi Regional Mədəniyyət İdarəsi) Quzanlı qəsəbəsində (8 iyul), Göyçay (Ağdaş Regional Mədəniyyət İdarəsi) şəhərində (14 iyul), Mingəçevir (Bərdə Regional Mədəniyyət İdarəsi) şəhərində (15 iyul) təşkil olunub. Daha sonra layihənin növbəti mərhələləri iyulun 21-də Göygöl rayonunda (Şəmkir Regional Mədəniyyət İdarəsi), 22-də Naftalan şəhərində (Gəncə Regional Mədəniyyət İdarəsi), iyulun 27-də Oğuz şəhərində (Şəki Regional Mədəniyyət İdarəsi), 28-də isə İsmayıllıda gerçəkləşib. Layihənin son üç tədbiri 3 avqustda Qusarda (Xaçmaz Regional Mədəniyyət İdarəsi), 4 avqustda Sumqayıtda, avqustun 10-da Tovuzda (Ağstafa Regional Mədəniyyət İdarəsi) təşkil olunub. Festivalın tədbirlərində nazirliyin regional idarələrinin hər biri öz guşə-çadırı ilə təmsil olunub.

FARİZ