Azərbaycan kinosunun 120 illik yubileyi ilə əlaqədar sosial aksiya olaraq milli və dünya kino incilərini tamaşaçılara daha da yaxından tanıtmaq, eləcə də yaradıcı görüşlərin və kino axşamlarının keçirilməsi məqsədilə Mədəniyyət Nazirliyi, Dövlət Film Fondu və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə fəaliyyətə başlamış “Kinoklub”un növbəti tədbiri keçirilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədri, ssenarist, şair Elşad Ərşadoğlu tanınmış macar rejissoru İldiko Enyedinin 2017-ci ildə çəkdiyi və bir çox festivalların qalibi olmuş, 67-ci Berlin Beynəlxalq Film Festivalında “Qızıl ayı” mükafatı qazanmış “Bədən və ruh” bədii filmi haqqında tamaşaçılara məlumat verib. Daha sonra film nümayiş olunub və maraqla qarşılanıb.