Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Manon Lesko” operasının premyerası olacaq.

Dekabrın 22-də təqdim olunacaq səhnə əsərində Xalq artisti Əkrəm Poladov, əməkdar artistlər Afaq Abbasova, Fərid Əliyev, Tural Ağasıyev, solist Fəhmin Əhmədli çıxış edəcəklər.

Əsas partiyanı ifa etmək üçün Ukrayna Milli Operasının solisti, bu ölkənin Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Pyotr Primak dəvət olunub. Tamaşanın musiqi rəhbəri və dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Ukraynanın Əməkdar incəsənət xadimi Mikola Tretyak, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Aysel Məlikovadır.

“Manon Lesko” Puççini yaradıcılığında xüsusi yeri olan əsərlərdən biridir. Tamaşanın premyerası 1893-cü ildə Turində (İtaliya) olub. Operanın librettosu Antuan Fransua Prevonun Avropada çox populyar olan “Kavaler de Qrie və Manon Leskonun sevgi tarixçəsi” romanının motivləri əsasında yazılıb.