Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) baş direktorunun müavini Amina əl-Həcri və TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş ilə görüşüb.

Ali Məclisin sədri qonaqları salamlayaraq Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” seçilməsini, il ərzində İSESCO və TÜRKSOY ilə birgə tədbirlərin keçirilməsini yüksək dəyərləndirib. Diqqətə çatdırıb ki, ötən dövrdə muxtar respublikada türk-islam abidələri bərpa olunub.

Amina əl-Həcri İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin salamlarını Ali Məclisin sədrinə çatdıraraq deyib ki, “İslam mədəniyyətinin paytaxtları” layihəsinin əsas məqsədi tarixi mədəni abidələrə yeni baxış, onların bərpası və tanıdılmasıdır. Zəngin tarixi mədəni irsə malik olan Naxçıvanda bu istiqamətdə görülən işlər məmnunluq doğurur.

TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş qeyd edib ki, 2009-cu ildə Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün Naxçıvanda keçirilməsi və əməkdaşlığın inkişafı sahəsində qəbul edilmiş qərarlar bu gün uğurla reallaşdırılır. Naxçıvan şəhərində yüksək səviyyədə keçirilən “Türküstandan Anadoluya irfan məktəbinin alimləri” 2-ci konfransı da bu tədbirlərin davamıdır. Fırat Purtaş, həmçinin vurğulayıb ki, TÜRKSOY və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında üçillik əməkdaşlıq protokolu imzalanıb. Naxçıvan TÜRKSOY və İSESCO arasında, o cümlədən İslam mədəniyyətinin “paytaxt”ları ilə Türk dünyasının mədəniyyət “paytaxt”ları arasında əlaqələrin qurulması və inkişafı baxımından mərkəz rolunu oynayır.

Fırat Purtaş türkdilli ölkələr arasındakı əlaqələrin inkişafına verdiyi töhfələrə görə Ali Məclisin sədrinə TÜRKSOY-un “25-ci il xatirə medalı”nı təqdim edib.

Görüşdə iştirak edən Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev “Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018” tədbirlərinin dünyada və ölkəmizdə böyük maraqla qarşılandığını bildirib, yaradılan şəraiti və göstərilən dəstəyi yüksək dəyərləndirib, Ali Məclisin sədrinə xatirə rəsmi hədiyyə edib.