Beynəlxalq Muğam Mərkəzində muğam sənətimizin elmi-nəzəri və praktiki məsələlərinin müzakirə olunduğu “Dəyirmi masa” layihəsi davam edir.

Layihənin AMEA-nın Folklor İnstitutu ilə birgə keçirilən növbəti tədbiri “Aşıq sənətinin bugünkü vəziyyəti və perspektivləri” mövzusuna həsr olunub.

Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov tədbiri açaraq qeyd edib ki, aşıq sənəti Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik özünəməxsus sahəsidir. Aşıq yaradıcılığı aşıq musiqisi ilə bərabər şifahi xalq poeziyası nümunələrini və dastan ənənəsini də özündə birləşdirir.

Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı çıxışında bu sənətin Azərbaycan xalqının milli etnoqrafik yaddaşında müstəsna rolunu vurğulayıb.

Çıxış edənlər Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sənətə diqqət və qayğısından söz açaraq  2009-cu ildə Azərbaycan aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini diqqətə çatdırıblar.

Folklor İnstitutunun şöbə müdiri Elxan Məmmədli, institutun baş elmi işçisi Seyfəddin Qəniyev, aşıq Cahangir Quliyev, professorlar Kamilə Dadaşzadə, İradə Köçərli, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nemət Qasımlı, aşıq Ağamurad İsrafilov, filologiya üzrə fəlsəfə doktoru, ifaçı aşıq Altay Məmmədli, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hafiz Kərimov və filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı mövzu ilə bağlı çıxış ediblər.

LALƏ