Xəbər verdiyimiz kimi, 11-14 dekabr tarixində Parisdə UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası keçirilib. Sessiyada iştirak edən Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bir sıra görüşlər keçirib.
UNESCO-nun Dünya İrs Mərkəzində keçirilən görüşdə Şəki şəhərinin tarixi hissəsinin qurumun Dünya İrs Siyahısına daxil edilməsi məqsədilə 2019-cu ildə nominasiya faylının yekun versiyasının təqdim olunması istiqamətində atılacaq addımlar müzakirə olunub. Həmçinin UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının gələn il Bakıda təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
Dünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan bir il müddətinə komitənin sədri seçilib və 43-cü sessiya 2019-cu il iyunun 30-dan iyulun 10-dək Bakı şəhərində keçiriləcək. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması və UNESCO-nun ən mühüm tədbirlərindən birinin Bakıda keçirilməsi ölkəmizin bu təşkilatla tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir.
Nazir müavini UNESCO-nun konfranslar və mədəni tədbirlərin idarə edilməsi üzrə direktoru Tanya Fernandez de Toledo ilə də görüşüb. Görüş zamanı təşkilatın “Görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri Proqramı” çərçivəsində Azərbaycanın fəaliyyəti müzakirə edilib. 2019-cu ildə Bakı Dövlət Universitetinin təsis olunmasının 100, görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinin UNESCO səviyyəsində qeyd olunmasına dair müzakirələr aparılıb.
Qeyd edək ki, UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin “Create 2030” şüarı altında keçirilən 12-ci sessiyasında yaradıcılıq azadlığı, vətəndaş cəmiyyətinin mədəniyyət və yaradıcı sənayelərdə rolu, süni intellektin yaradıcılığa təsiri və qadın sahibkarların mədəniyyət sənayelərində fəaliyyətinə dair mövzular nəzərdən keçirilib.
Sessiyada UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 20 oktyabr 2005-ci il tarixli Konvensiyası çərçivəsində Azərbaycanın son 5 illik fəaliyyətinə dair hesabat qəbul olunub. Hesabatda ölkədə mədəniyyət və yaradıcılıq sahəsində son illərdə görülən işlər, qəbul olunan sənədlər və təşviqedici fəaliyyət barədə məlumat öz əksini tapıb.