Mədəni irsin idarə edilməsində inteqrasiyalı yanaşma təcrübəsi. Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərlik etdiyi nümayəndə heyətinin 12-14 dekabr tarixində İtaliyanın Pyemonte regionunda tədqiqat səfəri bu mövzuya həsr olunub.
Nümayəndə heyətinin tərkibinə Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Hüquq və daxili nəzarət şöbəsinin müdiri Namiq Qulamov, Regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli, Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbəri Sənan Hacıyev, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəhbəri Mehman Şükürov, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəhbəri Nazim Ağayev daxil idi.
Səfər çərçivəsində Turin Universitetində İtaliya Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə həmçinin Pyemonte regionunun muzeylər fondunun nümayəndələri iştirak edib. Müzakirələrdə mədəniyyət sahəsində əməkdaşlığın davam etdirilməsi zərurəti, İtaliya tərəfi ilə yeni birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Pyemonte regionunun Asti şəhərində və Portakomaro qəsəbəsində yerli kommuna rəhbərliyi, mədəniyyət sahəsində fəaliyyət göstərən nümayəndələrlə, o cümlədən Asti Muzeylər Fondunun rəhbərliyi ilə görüşlərdə yerli icma, dövlət və özəl qurumların iştirakı ilə mədəni tədbirlərin planlaşdırılması və icrası təcrübəsi, yerli kitabxana, muzeylər, musiqi məktəbləri və digər fəaliyyətlərə dair qabaqcıl təcrübələrdən bəhs olunub.
Nümayəndə heyəti UNESCO-nun Dünya İrs Siyahısına salınmış Lange Roero Monferrato ərazisinə də səfər edib. Səfər zamanı mədəni irsin idarə edilməsində yenilik olan inteqrasiyalı yanaşma təcrübəsi öyrənilib. Ərazi üzrə yerləşən bütün resursların – mədəni, ekoloji, landşaft, memarlıq aktivlərinin və resurslarının vahid plan əsasında idarə edilməsi təcrübəsi nümayəndə heyəti tərəfindən maraqla qarşılanıb.