Polşa rejissoru Pavel Pavlikovskinin “Soyuq müharibə” (Zimna wojna) filmi Avropa Kino Akademiyasının (EFA) “Ən yaxşı Avropa filmi” nominasiyasında baş mükafat alıb. “Avropa Oskarı” sayılan mükafatın 31-ci təqdimat mərasimi dekabrın 15-də Sevilyada keçirilib.

Pavel Pavlikovski 2018-ci ildə ekranlara çıxan bu filmə görə may ayında Kann kinofestivalında “Ən yaxşı rejissor” mükafatına layiq görülmüşdü. Bu dəfə isə “Soyuq müharibə” üç nominasiyada (ən yaxşı film, rejissura və ssenari) mükafat qazanıb.

Filmin süjet xəttinin mərkəzində Qərblə sosializm düşərgəsi ölkələri qarşıdurması zamanı musiqiçi və müğənninin məhəbbət macərası dayanır.

Ən yaxşı Avropa filmi adına, habelə Əli Abbasinin “Dünyaların sərhədində”, Lukas Dontun “Qız”, Aliçe Rorvaxerin “Xoşbəxt Lazar” filmlərinin də namizədliyi irəli sürülmüşdü.

Britaniya istehsalı olan, Rusiyada və bir sıra postsovet ölkələrində nümayişi qadağan edilən “Stalinin ölümü” filmi ən yaxşı komediya kimi mükafatlandırılıb. Rus rejissor Kirill Serebrennikovun “Yay” filmi ən yaxşı rəssam işinə görə (Andrey Pankratov) fərqlənib.

Avropa Kino Akademiyasının mükafatı 1988-ci ildə təsis olunub.

SƏBİNƏ