Qoruqların ərazisində mədəni irsin qorunmasını və saxlanılmasını, onların turizm potensialından səmərəli istifadəni təmin etmək, həmçinin dövlət-özəl tərəfdaşlığına şərait yaratmaq, qoruqların dövlət büdcəsindən asılılığını azaltmaq və dayanıqlı inkişafına nail olmaq üçün bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsinə və vahid idarəetmə sisteminin tətbiqinə zərurət yaranmışdır. Bu barədə Azərbaycan Respublikası Prezidentinin dekabrın 20-də imzaladığı Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin yaradılması haqqında fərmanda qeyd olunur.
Sənəddə bildirilir ki, dövlət qoruqları Azərbaycanın tarixi-mədəni irsinin nadir nümunələrindəndir, bu irsi qoruyub gələcək nəsillərə çatdırmaq olduqca böyük əhəmiyyət kəsb edir.
Fərmana əsasən, Qoruqları İdarəetmə Mərkəzi Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqların ərazilərində yerləşən tarixi, maddi və qeyri-maddi mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, qorunub saxlanmasının, inkişafının və onlardan məqsədyönlü istifadənin təmin edilməsi, qoruqların turizm potensialının artırılması sahəsində publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək.