Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Sergey Morozovun bu vəzifəyə təyin olunmasından keçən qısa bir müddət ərzində Azərbaycana səfər etməsindən məmnunluğunu bildirib və bunu uğurlu əməkdaşlığın təzahürü kimi dəyərləndirib.

Prezident Azərbaycanla Həştərxan arasında tarixi əlaqələrin mövcud olduğunu qeyd edərək, bu gün əməkdaşlığın genişləndiyini və birgə layihələrin həyata keçirildiyini vurğulayıb və bütün bunların Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyini deyib. Həştərxanda Azərbaycan İşgüzar Mərkəzinin fəaliyyət göstərdiyini, Bakıda da Həştərxan İşgüzar Mərkəzinin inşasının başlandığını qeyd edən dövlətimizin başçısı təhsil, mədəniyyət sahələrində əməkdaşlığın yaxşı səviyyəsindən məmnunluğunu ifadə edib, həmçinin turizm sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu bildirib.

Prezident Həştərxan vilayəti ilə əməkdaşlığın Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin inkişafına töhfə verdiyini bir daha diqqətə çatdıraraq ikitərəfli əlaqələrin genişləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və müxtəlif beynəlxalq səviyyədə təmaslarının rolunu xüsusi olaraq qeyd edib.

Xoş sözlərə və qəbula görə minnətdarlığını bildirən Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozov Rusiya Prezidenti Vladimir Putinin Xəzəryanı ölkələrlə əməkdaşlığın genişləndirilməsi barədə tapşırıqlar verdiyini qeyd edərək ilk səfərini Azərbaycana həyata keçirdiyini məmnunluqla vurğulayıb.

Görüşdə Sergey Morozov Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında səmərəli əməkdaşlığın inkişafına və dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə Prezident İlham Əliyevə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordenini təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Həştərxan vilayəti rəhbərinin Bakıya səfərinin yekunları ilə bağlı dekabrın 20-də vilayətin xarici və xarici iqtisadi əlaqələr naziri vəzifəsini icra edən Denis Afanasyev brifinq keçirib. O, əldə edilən razılaşmalardan danışaraq 2019-cu ilin yazından Bakı-Həştərxan marşrutu üzrə aviareyslərin bərpa olunmasının, həmçinin gələn ilin sonunadək Bakıda Həştərxan İşgüzar Mərkəzinin açılışının nəzərdə tutulduğunu deyib. Həştərxan Vilayəti Hökumətinin rəsmi portalında həmçinin Azərbaycan Prezidenti ilə görüşdə humanitar və mədəni əlaqələrin inkişaf etdirilməsi, 2019-cu il üzrə hazırlanacaq birgə tədbirlər proqramında yaradıcı kollektivlərin qarşılıqlı qastrolları, jurnalistlərin və turoperatorların qarşılıqlı səfərləri, Azərbaycan nümayəndə heyətinin 2019-cu ildə Həştərxanda keçiriləcək 5-ci Xəzər Media Forumunda iştirakı və başqa məsələlərin əks olunacağı bildirilir.