Klassik sənətkarların bədii irsinin qorunub saxlanılmasında təzkirə müəlliflərinin böyük rolu olub.

Orta əsrlərdə Məhəmməd Ovfi, Dövlətşah Səmərqəndi, Əmir Əhməd Razi, Lütəli bəy Azər, Sam Mirzə, sonrakı dövrlərdə Rzaqulu xan Hidayət, Hüseyn əfəndi Qayıbov, Seyid Əzim Şirvani, Məhəmməd ağa Müctəhidzadə, Məhəmmədəli Tərbiyət və başqaları ağır zəhmətə qatlaşaraq sələflərinin və müasirlərinin əsərlərini toplayıb özlərindən sonrakı nəsillərə çatdırıblar.

Bu əhəmiyyətli işi XIX əsrin sonlarında uğurla davam etdirən görkəmli ziyalılardan biri də Mir Möhsün Nəvvabdır.

Azərbaycan mədəniyyəti tarixində şair, xəttat, rəssam, musiqişünas, astronom kimi məşhur olan bu ensiklopedik zəka sahibi həm də böyük filoloq – söz sərrafı idi. XIX əsrin 70-ci illərində Şuşada fəaliyyətə başlayan “Məclisi-fəramuşan” (“Unudulmuşların məclisi”) ədəbi məclisinə başçılıq edən Nəvvab eyni zamanda Qarabağ şairlərinin əsərlərini toplayaraq sanballı bir kitab – təzkirə hazırlayıb.

100-dən artıq şairin həyat və yaradıcılığı haqqında məlumatların yer aldığı təzkirə 1913-cü ildə Bakıda kitab şəklində nəşr olunub. Nəvvabın tarixi əhəmiyyətli işlərindən biri də 1905-ci ildə yazdığı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin tarixi köklərinin öyrənilməsi baxımından xüsusi önəm kəsb edən “Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və iğtişaş tarixləri” adlı əsəridir.

* * *

Mir Möhsün Hacı Mirəhməd oğlu Nəvvab 1833-cü ildə Şuşada anadan olub. İlk təhsilini ruhani məktəbində alıb, ərəb, fars dillərini öyrənib. A.Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərə yiyələnib, sonradan rus dilini də mənimsəyib. Nəvvab öz evində iki teleskop qoyaraq kiçik bir rəsədxana və kimya laboratoriyası yaratmış, səma cisimlərinin yerləşməsi və günəş tutulmaları haqda cədvəllər tərtib etmişdi. Alim kimya laboratoriyasında şagirdləri ilə sınaqlar keçirir və Orta əsrlərdə yaşamış kimyagərlər tərəfindən verilən nüsxələri yoxlayırdı.

Qarabağ və bütün Azərbaycan incəsənətinə ən böyük töhfəsini isə Nəvvab, heç şübhəsiz, öz bədii yaradıcılığı ilə vermişdi. Bir çox akvarel rəsmləri, kitab miniatürləri, bina və məscidlərə vurduğu naxışlar bizə yadigar qalıb. Milli musiqişünaslıqda Nəvvabın mühüm xidmətləri olub. O, XIX əsrin 80-ci illərində Hacı Hüsü ilə birgə “Musiqiçilər məclisi”ni yaradır. Burada musiqi sahəsinin ən aktual məsələləri barədə müzakirələr aparılırdı. Məclisdə Hacı Hüsü, İslam Abdullayev, Cəmil Əmirov, Seyid Şuşinski, Sadıxcan və digər məşhur xanəndələr iştirak edirdi.

Mir Möhsün Nəvvabın “Vüzuhül-ərqam” (“Rəqəmlərin izahı”) məşhur musiqi risaləsi ilk dəfə 1913-cü ildə Bakıda işıq üzü görüb. Tanınmış musiqişünas alim, akademik Zemfira Səfərova yazır ki, həmin risalədə müəllif ayrı-ayrı muğamların, bəzi dəsgahların mənşəyi və onların adlarının kökü haqqında məsələləri araşdırır, muğamların şeir mətnləri ilə əlaqəliliyi, ifaçı ilə dinləyicinin qarşılıqlı münasibətləri, akustika baxımından onların optimal yerləşməsi problemlərinə toxunur. Nəvvab ilk dəfə dəsgah terminindən istifadə edir, o vaxt Qarabağda məlum olan altı dəsgahın adını çəkir: “Rast”, “Mahur”, “Şahnaz”, “Rahavi”, (yaxud Rahab), “Çahargah” və “Nəva”. Nəvvabın sözlərinə əsasən, ifa olunan dəsgahın tərkibi bir çox hallarda ifaçının zövqündən və qabiliyyətindən asılı olur. Alim həmin əsərində Qarabağ musiqiçiləri tərəfindən ifa olunan 82 mahnı və muğamın adını çəkir.

Mir Möhsün Nəvvab bir neçə muğamın mənşəyini və onların adının etimologiyasını da araşdırıb. Bir çox muğamların adlarını onların yaranmasında rol oynamış şəxslərlə və yer adları ilə əlaqələndirən Nəvvab “Rast” muğamını bahar mehi, “Rahavi”ni yağış damlaları, “Çahargah”ı ildırım çaxması, “Dügah”ı fontan vuran bulaqlarla, “Humayun”u quşların uçuşu, “Nəva”nı bədbəxt sevgililərin ah-naləsi, “Mahur”u suların şırıltısı, “Şahnaz”ı bülbüllərin cəh-cəhi, “Üşşaq”ı quşların havada süzməsi, “Üzzal”ı meteoritlərin hərəkəti ilə əlaqələndirib.

* * *

Nəvvabın poetik irsi əsasən onun Azərbaycan və fars dillərində tərtib etdiyi divanlarında, təzkirəsində toplanıb. Şairin 148 səhifədən ibarət farsca divanı 1897-ci ildə, 128 səhifədən ibarət azərbaycanca divanı isə 1898-ci ildə özünün Şuşadakı şəxsi mətbəəsində daşbasma üsulu ilə çap edilib. Azərbaycan dilindəki divanında klassik şeirin bir sıra janlarında yazılmış şeirlər - qəzəl, mürəbbe, müxəmməs, müsəddəs, müəşşər, çarparə, müfrədlər, o cümlədən qoşmaları yer alıb. Divanın dibaçəsində müəllifin özü haqqında məlumat, əsəri yazmağa başladığı tarix və əsərlərinin siyahısı verilib. Şairin bədii nümunələri ilə tanış olanda onun Azərbaycan klassik poeziyasının görkəmli nümayəndələri, xüsusilə də Məhəmməd Füzuli və Molla Pənah Vaqif ənənələri ilə bağlılığını görmək mümkündür. Şair maraqlı bir üsuldan istifadə edərək Füzulinin “Leyli və Məcnun” poemasından iki qəzələ bir qəzəllə nəzirə yazıb. Füzulinin eyni qafiyəli – “Yar rəhm etdi məgər naləvü əfğanimizə” misrası ilə başlanan 7 beytlik və “Küfri-zülfin salalı rəxnələr imanimizə” misrası ilə başlanan 6 beytlik qəzəllərinə Nəvvab:

Qəm qübarı yatıb əzbəs dili-viranəmizə,
Kafər ağlar bizim əhvali-pərişanimizə...

mətləli 17 beytlik nəzirə ilə cavab verib.

Qarabağ ədəbi mühitinin əksər nümayəndələri kimi, Nəvvab da Vaqifin təsirindən kənarda qalmayıb. Onun “Yox qəmi ol kimsənin kim, dilbəri dilbər ola” misrası ilə başlanan 6 bəndlik mürəbbesində Vaqifin bir qoşmasının təsiri duyulur.

* * *

Mənbələrdə qeyd olunur ki, Nəvvab müxtəlif elmlərə bələd və açıqfikirli bir ziyalı olduğu üçün Şuşadan, ətraf bölgələrdən şairlər və musiqiçilər onun mənzilinə toplaşar, yeni şeirlərini oxuyar, musiqiyə qulaq asarmışlar. “Məclisi-üns” ədəbi məclisi Natəvanın sarayına köçdükdən sonra Nəvvabın təşəbbüsü ilə “Məclisi - fəramuşan” məclisi təşkil edilir. Üzvləri isə “Məclisi-üns”ün unutduğu şairlər olur. Məclisin məşğələləri qışda Mir Möhsünün mənzilində, yay aylarında isə Cıdır düzündəki “Ağzıyastı kaha” deyilən yerdə keçirilərmiş. Məclis üzvlərini dünya hadisələri və mədəni yeniliklərlə tanış etmək üçün Nəvvab Bakıdan “Əkinçi”, Tiflisdən “Ziya” və “Kəşkül” qəzetlərini, Hindistandan fars dilində nəşr olunan “Həblül-mətin” məcmuəsini alırdı. 1903-cü ildə Nəvvabın təşəbbüsü ilə qiraətxana-kitabxana açılır və bundan sonra ədəbi məclisin fəaliyyəti zəifləməyə başlayır. Qiraətxanaya şairin oğlu Mir İbrahim rəhbərlik edib.

Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verən Mir Möhsün Nəvvab 1918-ci ildə Şuşada vəfat edib. Ömrü boyu doğulduğu eldən kənara çıxmasa da, bu gün onun şöhrəti ölkəmizdə və onun hüdudlarından uzaqlarda da tanınır.

Aynurə ƏLİYEVA