Qubada görkəmli bəstəkar, SSRİ Xalq artisti, akademik Arif Məlikovun 85 illiyi münasibətilə konsert təşkil olunub.
Uşaq musiqi məktəbində keçirilən “Azərbaycan musiqisinin canlı əfsanəsi” adlı tədbirdə Arif Məlikovun yaradıcılığı müasir musiqi mədəniyyətimizin ən parlaq səhifələrindən biri kimi dəyərləndirilib. Bildirilib ki, bəstəkarın əsərləri təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da böyük şöhrət qazanıb. Buna misal olaraq, onun hələ gənc yaşlarında yazdığı, dünyanın 60-dan çox ölkəsinin səhnələrini gəzən “Məhəbbət əfsanəsi” baletini göstərmək olar.
Çıxışlardan sonra məktəbin müəllim və şagirdləri konsert proqramı ilə çıxış ediblər. Bəstəkarın “Düşüncələr”, “İki qəlbin dastanı”, “Lirik vals”, “Komdenin xəyalları”, “Güllər”, “Gəl bizim dağlara”, “Ötəri anlar” və digər əsərləri ifa olunub.
Sonra müsabiqədə fərqlənənlərə diplomlar təqdim edilib.