“Aşıq Veysəl xatirə ili” ərəfəsində

Xəbər verildiyi kimi, TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının Türkiyənin Kastamonu şəhərində keçirilən 36-cı toplantısında Anadolu ozan məktəbinin görkəmli nümayəndəsi Aşıq Veysəlin anadan olmasının 125-ci ildönümü münasibətilə 2019-cu il “Aşıq Veysəl xatirə ili” elan edilib. Gələn il bu münasibətlə türkdilli ölkə və diyarlarda yubiley tədbirləri keçiriləcək, sənətkarın həyat və yaradıcılığına işıq tutulacaq...

Dünyanı bəsirət gözü ilə görən, Anadolu, geniş mənada, Türk dünyasının saz-söz sənətinin görkəmli nümayəndələrindən olan Aşıq Veysəl bu ulu mirasın inkişafına öz töhfəsini verib.

Aşıq Veysəl Əhməd oğlu 1894-cü ildə Türkiyənin Sivas bölgəsinin Sivrialan kəndində dünyaya göz açıb. Erkən yaşlarında anası Gülzarı itirən Veysəl 7 yaşında çiçək xəstəliyinə yoluxur. Bu xəstəlikdən sol gözü tutulur. Sonra sağ gözü də tədricən zəifləyir. Bir gün ağacın budağı sağ gözünə dəyir və zədələyir. O, bununla da dünya işığından ömürlük məhrum olur.

Veysəlin əkinçiliklə məşğul olan atası sazı, sözü sevən bir insan idi və elin söz və sənət bilicilərinin şeirlərini yeri gəldikcə oğluna əzbərlədir, onu bu yolla ovundurmağa çalışırdı...

Veysələ saz alınması isə onun həyatında ciddi dönüş yaradır. Saz sirdaşına çevrilir, dərd-sərini onunla bölüşür və bütün varlığı ilə ona bağlanır. Bir müddət kəndlərinin saz-söz sərraflarından Aşıq Əliyə şəyird olur, sənətin sirlərini öyrənir.

25 yaşında Əsma adlı xanımla ailə quran Veysəl xoşbəxt ola bilmir. Həyat yoldaşının etinasızlığı üzündən bir neçə il sonra ayrılırlar. Şeirlərinin birində aşıq bu ayrılığı belə ifadə edir:

Məmləkətə dastan oldum,
Qarım məni bəyənmədi.
Yardan oldum, dostdan oldum,
Yarım məni bəyənmədi...

Aşıq ikinci dəfə ailə qurur və bu evlilikdən iki oğlu, bir qızı dünyaya gəlir.

1933-cü ildə şeirə, sənətə dərindən bələd olan ziyalı Əhməd Kutsi Tecerlə tanışlığı Veysəlin həyatında müəyyən dəyişikliyə səbəb olur. Həmin il onun mətbuatda ilk şeiri dərc olunur.

Professor Maarifə Hacıyeva “Dünyanı bəsirət gözü ilə görən aşıq Veysəl” adlı araşdırmasında yazır ki, gənc yaşlarında aşıqların şeirlərini əzbər söyləyən Veysəl Türkiyə Cümhuriyyətinin qurulmasının 10 illiyi münasibətilə “Atatürkdür Türkiyənin əhyası” adlı şeirini yazır. Şair Sivrialandan Ankaraya camaatla birlikdə piyada gedir. Ankarada şeiri xalq qarşısında oxuyur və alqışlarla qarşılanır. Bundan sonra onun yaradıcılığı diqqət çəkməyə başlayır. 1938-ci ildə Mustafa Kamalın vəfatı ilə bağlı “Atatürkün ölümünə” adlı məşhur şeirini yazır.

Ağlamayım Atatürkə,
Bütün dünya qan ağladı.
Süleyman olmuşdu mülkə,
Gəldi əcəl, can ağladı.

Aşıq Veysəl təbiət və cəmiyyətdə olan gerçəkləri qəlbinin gözü ilə görə bilib. Bu belə olmasaydı, onun yaradıcılığı bu qədər rəngarəng və zəngin olmazdı:

Dürlü-dürlü rənglərə boyanmış,
Yaşıl yarpağıyla döşəli dağlar.
Geyinmiş, qurşanmış gəlin misallı,
Gülümsər üzünə nəşəli dağlar.

O, “Meşə”, “Ağaclar”, “Adalar”, “Dağlar”, “Yaz səhəri”, “İnləyər”, “Oyanış”, “Səhərlər oyanar gülün zarından”, “Bəsərək dağı”, “Qara torpaq” kimi şeirlərində təbiət və onun könül oxşayan gözəlliklərini böyük bir şair coşqunluğu ilə qələmə alıb.

Müəllifin “Deyişlər” adlı ilk kitabı 1944-cü ildə nəşr edilir. Sonra “Sazımdan səslər” (1950), “Dostlar məni xatırlasın” (1971) kitabları işıq üzü görür. 1965-ci ildə aşıq “Ana dilinə və milli birliyə etdiyi xidmətlərinə görə” xüsusi təqaüdünə layiq görülür.

Onu da deyək ki, aşıq Veysəl “Qara torpaq” adlı şeirinə görə Türkiyə ədəbiyyatında “torpaq şairi” kimi də şöhrət tapır. Avropa İnsan Haqları Komissiyasının hakimi, professor Kamal Fikrət Arık 1965-ci ildə Londonda xəstəxanada ikən bu şeiri oxuyur və çox təsirlənir. Aşıq Veysələ belə bir məktub yazır: “...Sən bu yalnız, qaranlıq xəstəxana otaqlarında məni səsinlə, deyişlərinlə ümidləndirirsən. Səndə yurdumun havasını, yelini, ümidini, gücünü tapıram. Çılpaq, boz dağlar, boş otaqlar, kasıb kəndlərinin zənginliyini, əxlaq üstünlüyünü, bütün çarəsizliklərlə savaşaraq yaşama əzmini, sən bütün bunları “Qara torpaq”da nə ustalıqla, nə gözəl anlatdın”.

Aşıq Veysələ görə, həyatımızı öz barı-bəhrəsi ilə təmin edən torpaq ən sadiq dost, ən vəfalı gözəl və insanlara haqdan verilən gizli xəzinədir. İnsanların bütün ehtiyaclarını ödəyən, ona gözəl maddi nemətləri yetirən, yeri gələndə qüsurlarını gizlədən və sədaqətlə bağrına basan da qara torpaqdır:

Bütün qüsurumu torpaq gizləyir,
Məlhəm qılıb yaralarım düzləyir.
Qolun açmış yollarımı gözləyir,
Mənim sadiq yarım qara torpaqdı...

Aşığın araşdırıcıları qeyd edirlər ki, o, gözlərində cərrahi əməliyyat aparmaq istəyən həkimlərə etiraz edərək belə deyib: “Mən qəlbimin evində bütün qurğu-büsatı yerli-yerində olan möhtəşəm bir dünya yaratmışam. Gözümü açsanız, qorxuram, o gözəl dünyadan əsər-əlamət qalmasın. İstəmirəm, məni öz dünyamla baş-başa buraxın”.  Sənətkar həmin düşüncəsini aşağıdakı şeirində belə ifadə edib:

Bir kiçik dünyam var içimdə mənim,
Möhnətim, zinətim mənə kafidir.
Baxanlar dar görür, genişdir mənə,
Söhbətim, ülfətim mənə kafidir.

Türk aşıq sənətini bənzərsiz yaradıcılığı ilə zənginləşdirən Aşıq Veysəl 21 mart 1973-cü ildə vəfat edib.

Savalan FƏRƏCOV