Çövkən milli atüstü oyunu üzrə “Prezident kuboku” turnirinə dekabrın 23-də yekun vurulub. Binə Atçılıq Mərkəzinin qapalı manejində keçirilən turnirin final oyununda “Sərhədçi” və “Omar” komandaları qarşılaşıblar.
Gərgin mübarizə şəraitində keçən ilk hissədə hesab açılmayıb. Fasilədən sonra hücumların kəsərini artıran sərhədçilər qələbə topunu vurublar. Beləliklə, “Sərhədçi” komandası 1:0 hesabı ilə qalib gələrək ardıcıl ikinci il “Prezident kuboku”nu qazanıb.
Üçüncü yer uğrunda görüşdə isə “Polad” və “Buta Golden” komandaları mübarizə aparıblar. Oyunda 5:1 hesabı ilə qalib gələn “Polad” komandası bürünc medallara layiq görülüb.
Sonra qaliblərə mükafatlar təqdim olunub. Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev fəxri kürsüdə yer alan komandaların üzvlərinə kubok və medalları təqdim edib.