Dekabrın 24-də Heydər Əliyev Mərkəzində “İlham Əliyev. On beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” adlı sənədli filmin və kitabın təqdimat mərasimi keçirilib.
Filmin ssenari müəllifləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovdur. Kitabın buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, tərtibçi müəllifləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri Aslan Aslanovdur.
Filmin nümayişindən sonra çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov ölkəmizin müasir dövrdəki nailiyyətlərinin Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, təqdimatı keçirilən filmi və kitabı Prezident İlham Əliyevin rəhbərliyi ilə son on beş ildə Azərbaycanda əldə edilən uğurların salnaməsi adlandırmaq olar. Təqdimat mərasiminin Azərbaycan Respublikası Prezidentinin doğum gününə təsadüf etdiyini xatırladan Əli Əhmədov tədbir iştirakçılarının adından dövlətimizin başçısını təbrik edib, ona Azərbaycan naminə bundan sonrakı fəaliyyətində daha böyük uğurlar və qələbələr arzulayıb. Vurğulayıb ki, ölkəmiz coğrafi baxımdan kiçik əraziyə malik olsa da, həyata keçirdiyi qlobal layihələr sayəsində dünyanın humanitar, siyasi, enerji, nəqliyyat, kommunikasiya, idman mərkəzlərindən birinə çevrilib.
Kitabın tərtibçi və filmin ssenari müəlliflərindən biri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında qeyd edib ki, 15 illik uğurların əsasında dövlət başçısının ümummilli liderin irsinə, siyasi kursuna, öz əqidəsinə, xalqına, dövlətinə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə sədaqətli obrazı dayanır.
Prezident İlham Əliyevin praqmatik və realist siyasi xadim olduğunu vurğulayan Əli Həsənov deyib ki, dövlətimizin başçısı həyata keçirdiyi siyasətin nəticələrini əvvəlcədən hesablayır, aydın konturlarını cızır. Onun liderlik keyfiyyətləri, dərin zəkası, böyük erudisiyası, qlobal düşüncəsi, intellekti, çevik qərarlar qəbul etmək bacarığı müasir dünya nizamında Azərbaycanın yerini, nüfuzunu, çəkisini müəyyən edir. Azərbaycan Prezidentinin islahatçı, novator lider olduğunu diqqətə çatdıran Əli Həsənov qeyd edib ki, beynəlxalq qurumlar ölkədə həyata keçirilən islahatları yüksək qiymətləndirirlər. Azərbaycanın təqdim etdiyi “ASAN xidmət” brendi BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görülüb. “Doing Business” hesabatına görə, Azərbaycan dünyada “ən islahatçı ölkə” hesab olunur. Bu gün Azərbaycan sülh, əməkdaşlıq və dialoq platforması kimi tanınır, beynəlxalq etimadın artmasına öz töhfələrini verir.
Əli Həsənov çıxışının sonunda diqqətə çatdırıb ki, film və kitabın hazırlıq prosesi zamanı İlham Əliyevin 15 illik prezidentliyi dövründə keçirdiyi təxminən 10 minə qədər tədbir, görüş və çıxışlar nəzərdən keçirilib. O, filmin və kitabın ərsəyə gəlməsində əməyi keçmiş hər kəsə təşəkkürünü bildirib.