Qəzetimizin “Afişa” əlavəsinin yanvar sayı çapdan çıxıb

İllərin qovuşub ayrılması, yeni təqvim ilinin başlanması mədəniyyət, incəsənət ocaqları üçün həmişə xüsusilə əlamətdar tədbirlərlə bol olur.

Ənənəvi və Yeni il bayramının ab-havasına uyğun olaraq yanvarın ilk həftəsinin tədbirləri daha çox uşaqlara ayrılır, repertuarlar bu yöndə tərtib edilir. Təbii ki, uşaqlara məxsusi diqqətlə bərabər böyüklər, onların mədəni istirahəti, sənət zövqü də unudulmur. 2019-cu ilin yanvar ayında paytaxtın mədəniyyət məkanlarının repertuarı da bu baxımdan zəngindir. Bütün bu zənginliklə isə “Mədəniyyət” qəzetinin “Afişa” əlavəsinin bayram öncəsi çapdan çıxan yanvar sayında ətraflı tanış olmaq olar.

Artıq üçüncü aydır ki, oxucularla görüşə gələn “Mədəniyyət+Afişa” Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hazırlanaraq nəşr olunur və pulsuz yayılır.

“Afişa” əlavəsində Bakıdakı teatr və konsert müəssisələrinin aylıq repertuarı, sərgi salonlarının, kino nümayişi mərkəzlərinin afişası oxuculara təqdim olunur. Nəşrdə teatr tamaşaları, konsertlər, filmlər və sərgilərin yeri, günü, saatı barədə məlumatlar, həmçinin bu tədbirlərin bir qismi haqqında qısa anons-informasiyalar, fotolar verilir.

“Mədəniyyət+Afişa”nın yanvar sayında Akademik Milli Dram, Akademik Opera və Balet, Musiqili, Rus Dram, Gənc Tamaşaçılar, Kukla, Pantomima, Yuğ teatrları, Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Kamera və Orqan Musiqisi Zalı, Beynəlxalq Muğam Mərkəzi, Dövlət Mahnı Teatrı, Bakı Dövlət Sirki, Nizami Kino Mərkəzi, “Cinema Plus” və “Park Cinema” kinoteatrları, eləcə də sərgi qalereyalarında tamaşaçıları gözləyən ən müxtəlif tədbirlər əksini tapıb. Həmçinin hər bir mədəniyyət ocağının ünvanı, telefon nömrələri qeyd olunub.

Rəngli tərtibatda, yığcam, praktik formatda hazırlanan “Afişa” əlavəsində hər kəs öz zövqünə, maraq dairəsinə uyğun mədəni istirahət məkanı seçə, bu məkanlarda istədiyi günə, saata uyğun tamaşa, film, sərgi, konsert və s. tapa, vaxtını səmərəli dəyərləndirə bilər.

Qeyd edək ki, “Mədəniyyət+Afişa” nəşri Mədəniyyət Nazirliyinin və “ASAN Xidmət”in dəstəyi ilə paytaxtın müxtəlif məkanlarında yayılır. Nəşrin yanvar buraxılışı dekabrın 27-dən etibarən “ASAN Xidmət” mərkəzlərində sakinlərə təqdim olunur.

Paytaxt sakini Məlahət Alıyeva Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən layihəni yüksək qiymətləndirir: “Şəhərimizin mədəniyyət müəssisələrində bayram günlərində, eləcə də ay ərzində keçiriləcək konsert və tamaşalar haqqında məlumatların belə bir nəşr vasitəsilə təqdim olunması təqdirəlayiqdir. Bu, bayram tətili günlərində mədəni istirahət məkanı seçməkdə bizə yardımçı olacaq”.

“ASAN Xidmət” mərkəzinə gələn Vaqif Məmmədova nəşr haqqında məlumat veririk. O, paytaxtın mədəni həyatından bəhs edən belə bir qəzetin olmasını xoş bir hal kimi qiymətləndirir. Deyir ki, insanlar nə qədər iş-güclə məşğul olsalar da, mədəniyyət ocaqlarında keçirilən tamaşalara, sərgilərə də getməyə vaxt tapmaq lazımdır.

“Afişa” ilə maraqlanan vətəndaşlardan biri də Mahir Zeynalovdur. O da mədəni tədbirlər haqqında məlumatların bir nəşrdə cəmlənməsinin maraqlı addım olduğunu deyir: “Belə sosial aksiyaların keçirilməsini təqdirlə qarşılayıram. Mən də burada qeyd olunan mədəni tədbirlərdən birinə getməyə çalışacağam”.

Xatırladaq ki, “Mədəniyyət” qəzetinin “Afişa” əlavəsini paytaxtdakı mədəniyyət ocaqlarında da pulsuz əldə etmək olar. Nəşrin məqsədi Bakı sakinlərini, eləcə də şəhərə gələn qonaqları mədəniyyət məkanlarının fəaliyyəti barədə məlumatlandırmaq, əhalinin mədəni istirahətinin daha dolğun təşkili üçün bu müəssisələrin fəaliyyətinə informasiya dəstəyi verməkdir.