Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Fondun icraçı direktoru Vüqar Səfərli çıxış edərək bildirib ki, bu il də həm Fond tərəfindən, həm də digər dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində ümumilikdə 10 müsabiqə keçirilib və 500-ə yaxın jurnalist mükafatlandırılıb. Hazırkı müsabiqə KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqaməti əhatə edib. Hər istiqamət üzrə 6 yazı müəllifi qalib elan edilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, bu il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib. Bu əlamətdar gün təkcə Azərbaycanda deyil, digər ölkələrdə də qeyd olunub. Yekunlaşan ildə ölkəmizin nailiyyətləri daha da artıb, bir sıra transmilli layihələr icra olunub. Əli Həsənov deyib ki, yola saldığımız il media sahəsində də uğurlu olub. Jurnalistikamız inkişaf edib, həmçinin saytların müxtəlif xarici dillərdə versiyaları yaranıb.

Sonra jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb. Təltif olunanlar arasında “Mədəniyyət” qəzetinin əməkdaşı Gülcahan Mirməmməd də var.

Daha sonra Əli Həsənov Prezident İlham Əliyevin sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif olunmuş “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqova yüksək dövlət mükafatını təqdim edib. Qəzetin bir qrup əməkdaşına “Əməkdar jurnalist” fəxri adının vəsiqələri və döş nişanları, “Tərəqqi” medalları təqdim olunub.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək bu ilin də Azərbaycan jurnalistikası üçün əlamətdar olduğunu bildirib.

Mərasimdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral xalqımızı qarşıdan gələn əlamətdar günlər münasibətilə təbrik edib.

Tədbir bədii hissə ilə başa çatıb.