Azərbaycanda kitabxanaçılıq təhsilinin qabaqcıl dünya təcrübəsi əsasında inkişaf modelinin müəyyənləşdirilməsi vacib məsələlərdəndir. Bu yaxınlarda Bakı Dövlət Universiteti Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru Rəşad Qardaşovun “Azərbaycanda kitabxanaçılıq təhsili: yaranması, inkişafı və müasir vəziyyəti” adlı monoqrafiyası çapdan çıxıb.
Əməkdar mədəniyyət işçisi, tarix üzrə elmlər doktoru, professor Xəlil İsmayılovun elmi redaktorluğu ilə nəşr olunan kitabda ilk dəfə olaraq peşəkar kitabxanaşünas-biblioqrafların kadr hazırlığında dövlət standartları, tədris planlarının rolu və əhəmiyyəti barədə geniş məlumat verilib, Azərbaycanda kitabxanaçılıq təhsilinin professioqramması açıqlanıb, respublikamızda kitabxanaçılıq peşəsi üzrə fasiləsiz təhsil sistemi və bu sistemdə iştirak edən elmi-metodik mərkəzlərin fəaliyyəti araşdırılıb, kitabxanaçılıq təhsilinin Bolonya təhsil sistemində əks olunması xüsusiyyətləri tədqiq edilib.
Kitab üç fəsildən ibarətdir. “Kitabxanaçılıq təhsilinin yaranması və inkişaf mərhələləri” adlanan birinci fəsildə qədim kitabxana-biblioqrafiya mədəniyyətinə, zəngin ənənələrə malik Azərbaycanda ilk kitabxanaçılıq kurslarının təşkili, kitabxanaçılıq üzrə orta ixtisas təhsilinin yaranması və inkişafı, yüksəkixtisaslı, peşəkar kitabxanaçı kadrların hazırlanması məqsədilə əsası 1947-ci ildə qoyulmuş ali kitabxanaçılıq təhsilinin formalaşma mərhələləri müfəssəl şəkildə əks olunub.
II fəsildə (“Kitabxanaçılıq təhsilinin məzmunu və ona verilən tələblər”) müəllif dövlət standartları, tədris planları, onların quruluşu, kitabxanaçılıq peşəsinin professioqramması, onun metodoloji prinsipləri, kitabxanaçılıq peşəsi üzrə fasiləsiz təhsil sistemi, kitabxanaçılıq təhsilinin tədris-metodik təminatı məsələlərini araşdırıb.
“Kitabxanaçılıq təhsilinin müasir vəziyyəti və inkişaf perspektivləri” adlanan III fəsildə müstəqillik illərində ali kitabxanaçılıq təhsilinin inkişafı, bu prosesdə kitabxanaşünaslıq elminin və kitabxanaçılıq təcrübəsinin rolu, kitabxanaçılıq təhsilinin inkişafında müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanları elmi cəhətdən öyrənilib.
Monoqrafiyada kitabxanaçılıq təhsilinə kulturoloji fenomen kimi yanaşılıb, informasiya cəmiyyətində kitabxanaçının fəaliyyət dairəsi, müasir kitabxanaçı peşəsinə verilən əsas tələblər, oxuculara xidmət etikası, kitabxanaçı əməyinin intellektual məzmunu kimi aktual məsələlər tədqiq edilib.
Kitab bu sahənin mütəxəssisləri, alimlər, tələbələr və geniş kitabxana ictimaiyyəti üçün faydalı elmi mənbədir.
Adilə ABDULLAYEVA
tarix üzrə fəlsəfə doktoru