Hər il “Forbes” jurnalı Milad bayramına həsr olunmuş ən populyar (gəlir gətirən) filmlərin siyahısını dərc edir. Biz isə sizə bu siyahıda ən çox baxılan 5 filmin qısa məzmunundan bəhs edəcəyik.

Beləliklə, neçə illərdir Yeni il bayramında tamaşaçılar tərəfindən ən çox izlənən ekran əsəri “Evdə tək” (1990) kinokomediyasıdır. Filmin rejissoru Kris Kolambusdur. Milad ərəfəsində valideynləri balaca Kevini evdə unudub tətilə gedirlər. Evdə tək qalan Kevin isə nəinki başını itirmir, üstəlik iki oğrunun da öhdəsindən gəlir.

“Qrinç – Milad oğrusu” filminin rejissoru Ron Hovarddır. Film adamayovuşmaz Qrinçin Miladı oğurlamasından bəhs edir. Qrinçin yerinə hər kim olsaydı əsəbiləşərdi. O, hər kəsdən uzaqda dağın zirvəsində qaranlıq bir mağarada yaşayır. Lakin bu “hər kəs” dediyimiz Yeni il şənliyinə hazırlaşır. Onlar səs salır, ətrafı bəzəyir və bununla Qrinçi hirsləndirirlər. Beləcə, o, Miladı oğurlamaq qərarına gəlir.

“Forbes” jurnalının siyahısında üçüncü olan “Elf” filmi Santa-Klausun torbasında gizlənib Şimal qütbünə düşən və orada elflərə rast gələn balaca oğlan haqqında ailə komediyasıdır. Filmin rejissoru Con Favrondur.

Rejissoru Con Paskvinin “Santa Klaus” filmində Milad gecəsi oyuncaq satıcısı Skott Kelvin evinin damında qəribə qocaya rast gəlir. Onu qovmaq istərkən elə qorxudur ki, qoca ürəktutması keçirir. Sən demə, qoca Santa-Klaus imiş, Skott indi onun yerinə işə çıxmağa məcburdur.

Rejissor Robert Zemekisin “Milad əhvalatları” isə xəsis qoca Ebenzer Skruc haqqında ibrətamiz filmdir.

Bu siyahıya “Qütb ekspresi”, “34-cü küçədə möcüzə”, “4 Milad bayramı” və s. filmləri də əlavə etmək olar.

SƏBİNƏ