Ölkəmizdəki sabitliyin əsas mənbəyi xalq-iqtidar birliyidir

“Tam əminliklə demək olar ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Ölkəmiz bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf etmişdir. Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib. Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənib”.

Sitat Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikindəndir. Prezident vurğulayıb ki, dünyada gərginlik, risklər və təhdidlərin davam etdiyi bir vaxtda Azərbaycan sabitlik məkanıdır: “2018-ci ildə xalqımız əmin-amanlıq, sabitlik şəraitində yaşayıb. Sabitliyin əsas səbəbi və onun mənbəyi xalq-iqtidar birliyidir”.

2018-ci ildə Azərbaycanın xarici ölkələrlə əlaqələri daha da genişlənib. Ötən il Azərbaycan Prezidenti 16 xarici səfər edib, ölkəmizə 16 dövlət və hökumət başçısı səfərə gəlib. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan uğurla fəaliyyət göstərib.

Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycanın Avropa İttifaqı və İslam ölkələri ilə əməkdaşlığı daha da inkişaf edib. Avropa İttifaqı ilə Azərbaycan arasında  imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədi bu münasibətlərin nə qədər yüksək səviyyədə olmasının təzahürüdür.

Prezident qeyd edib ki, sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında çox aydın fikirlər öz əksini tapıb və bir daha onu göstərir ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində düzgün mövqedədir: “İslam həmrəyliyi məsələlərində bizim rolumuz artır. İslam Əməkdaşlıq Təşkilatı bu sahədə apardığımız siyasətə çox yüksək qiymət verir və tam əminliklə demək olar ki, Azərbaycan müsəlman aləmində öz güclü rolunu daha da gücləndirə bilib. Müsəlman ölkələri tərəfindən bizə göstərilən diqqət, hörmət və rəğbət göstərir ki, Azərbaycan bu sahədə də böyük uğurlara nail olubdur”.

Prezident 2018-ci ildə Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsini də əlamətdar hadisələrdən biri kimi qeyd edib: “Bu, hesab edirəm ki, tarixi nailiyyətdir. Çünki bildiyiniz kimi, uzun illər ərzində bu məsələ həll olunmamış qalmışdı. Ancaq bu, hazırda öz həllini tapıb və Azərbaycan bu məsələnin həllində öz dəyərli töhfəsini vermişdir”.

Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə prinsipial mövqeyi bir daha vurğulayıb: “Bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır.

Deyə bilərəm ki, münaqişənin həlli işində Azərbaycan 2018-ci ildə çox ciddi mövqelərə malik oldu. Bildiyiniz kimi, Ermənistanda 20 il ərzində hakimiyyəti zəbt etmiş kriminal, rüşvətxor, xunta rejimi çökdü və bu, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin tam iflasıdır. Onu da deyə bilərəm ki, bizim Ermənistana qarşı apardığımız çox düşünülmüş, məqsədyönlü və prinsipial siyasətimiz öz bəhrəsini verdi. Biz Ermənistanı bütün regional və beynəlxalq layihələrdən təcrid edə bilmişik, Ermənistan iqtisadiyyatının çökməsində bizim payımız da kifayət qədər böyükdür. Hesab edirəm ki, bu gün münaqişənin həlli üçün yeni vəziyyət yaranır. Ümid edirəm ki, 2019-cu ildə bu sahədə irəliləyiş ola bilər”.

Prezident onu da diqqətə çatdırıb ki, ölkəmizin güclü hərbi potensialı münaqişənin həlli üçün əsas amildir. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. 2018-ci ildə Bakıda iki dəfə keçirilmiş hərbi parad bizim gücümüzü, bizim güclü ordumuzun potensialını göstərir: “Ən müasir silahlarla, texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu çox yüksək döyüş qabiliyyətinə malikdir və biz bu il bunu bir daha təsdiq etdik. Azərbaycan Ordusu Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək 11 min hektar torpağa tam nəzarət edir. Strateji yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisindən keçən önəmli kommunikasiyalara və yollara tam nəzarət edək.

Biz bundan sonra da öz hərbi qüdrətimizi artıracağıq. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirik və danışıqlarda iştirakımız bunun əyani sübutudur. Ancaq hər kəs bilir və bilməlidir ki, münaqişənin həlli üçün hərbi amil xüsusi rol oynayır və bundan sonra da biz hərbi qüdrətimizi artıracağıq”.

Dövlət başçısı müraciətində məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən də danışıb. Bildirib ki, 2018-ci ildə 5800 köçkün ailəsi üçün yeni evlər, mənzillər tikilib və onlara təqdim edilib: “Bu, son illərdə rekord göstəricidir. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 626 mənzil verilmişdir və biz bu siyasəti gələn il də davam etdirəcəyik”.

Müraciətdə  bir məqam da xüsusi vurğulanır ki, bütün bu işləri görmək üçün güclü iqtisadiyyat olmalıdır. Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil və bu, bizim müstəqil siyasətimizi gücləndirən amildir. 2018-ci ildə qeyri-neft sənaye sektorunda isə artım 9 faizdən çox olub. İxrac təxminən 40 faiz artıb. Ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulub. Dünya Bankının “Doing Business” proqramının son hesablamalarında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb. Yəni, bu, onu göstərir ki, apardığımız islahatlar öz nəticəsini verir. Azərbaycan müasir texnologiyalara böyük əhəmiyyət verir. 2018-ci ildə peykimiz orbitə buraxılıb. Ötən il həmçinin Cənub Qaz Dəhlizinin mühüm hissəsi olan TANAP layihəsinin (boru xəttinin Türkiyədən keçən hissəsi) açılışı da tarixi nailiyyətdir. Azərbaycan bundan sonra onilliklər ərzində bu layihələrin faydasını görəcək. 2018-ci ildə Ələt Beynəlxalq Dəniz Ticarət Limanı da açılıb: “Azərbaycan nəinki regionun, Avrasiyanın çox önəmli nəqliyyat mərkəzinə çevrilir. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri bizim ərazimizdən keçir. Çox güclü nəqliyyat infrastrukturu bizə imkan verəcək ki, tranzit imkanlarımızdan çox böyük səmərə ilə istifadə edə bilək”.

Prezident müraciətində 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsini, Cümhuriyyətin 100 illiyinin həm ölkəmizdə, həm də bir çox xarici ölkələrdə təntənə ilə qeyd olunmasını da xüsusi vurğulayıb: “Bugünkü Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil, bu qədər azad olmamışdır”.

2018-ci ildə Azərbaycanda keçirilən prezident seçkiləri haqqında danışan dövlət başçısı deyib: “Azərbaycan xalqı bir daha mənə yüksək etimad göstərmişdir, mənim fəaliyyətimə yüksək qiymət vermişdir. Mən son 15 il ərzində Prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək”.

Prezident müraciətinin sonunda dünyada yaşayan azərbaycanlılara, soydaşlarımıza öz salamlarını çatdıraraq hər kəsə uğurlar arzulayıb, bütün həmvətənlərimizi Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.