Yola saldığımız 2018-ci il, ölkə həyatının bütün sahələrində olduğu kimi, mədəniyyət sahəsində də əlamətdar hadisələrlə yadda qalıb. Bu barədə mədəniyyət naziri Əbülfəs Qarayevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətinə ünvanladığı təbrik müraciətində deyilir.
Təbrikdə bildirilir ki, ulu öndər Heydər Əliyevin dövlətçilik yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bərqərar olmuş daxili sabitlik, davam edən dinamik inkişaf Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun ildən-ilə artmasına zəmin yaradır. Dünyada qazandığı yüksək etimad sayəsində respublikamız hər il neçə-neçə nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edir, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi kimi qəbul olunur: “Dövlət başçısının sərəncamı ilə ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmuş, ilk müstəqil respublikamızın 100 illiyi vətənimizdə və xarici ölkələrdə müxtəlif tədbirlərlə qeyd edilmişdir. Bu il həmçinin Bakı altıncı dəfə Beynəlxalq Humanitar Foruma uğurla ev sahibliyi etmişdir. Bundan əlavə, V Bakı Beynəlxalq Teatr Konfransı, Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin 33-cü Dünya konfransı, “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı, III Şəki Beynəlxalq Teatr Festivalı, “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı və digər tədbirlər ölkəmizin mədəni zənginliyinin təbliğində mühüm rol oynamışdır”.
Nazirin təbrikində diqqətə çatdırılır ki, 2018-ci il xalqımızın qədim mədəni irsinin dünyada tanıdılması baxımından da zəngin olub. Mədəni irs nümunələrimizin beynəlxalq aləmdə təbliğində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. 2018-ci ildə Azərbaycanın qədim tarix və mədəniyyət mərkəzlərindən Naxçıvan şəhəri “İslam mədəniyyətinin paytaxtı” missiyasını layiqincə yerinə yetirib. “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiya faylı UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib, Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi “Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” nominasiya faylı isə təşkilatın Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısında yer alıb.
Azərbaycanın UNESCO siyahılarında yer alan qeyri-maddi mədəni irs nümunələrinin sayı 13-ə çatıb. Azərbaycanın əldə etdiyi bu uğurlar ölkəmizdə həyata keçirilən düşünülmüş daxili və xarici siyasətin bəhrələri, mədəni irsimizə olan dövlət qayğısının bariz nümunəsidir.
Təbrik müraciətində daha sonra deyilir: “Ölkəmizdə mədəniyyətin müxtəlif sahələrinin sistemli inkişafında bu sahədə çalışan hər bir insanın bu və ya digər dərəcədə payı vardır. Biz indi mədəniyyət sahəsinin idarə olunmasında ən optimal yanaşmaların tətbiqini həyata keçirməyə çalışırıq. Bunun üçün müxtəlif ölkələrin müvafiq sahə üzrə uğurlu təcrübələrindən yararlanırıq. Qarşıda duran əsas vəzifə isə ölkəmizin inkişafında mədəniyyət ictimaiyyətinin rolunu gücləndirmək, Azərbaycanın tərəqqisinə daha böyük fayda verməkdir”.