Heç sizə “Don Kixotluq eləmə” deyən olubmu? Ya özünüz kiməsə bu sayaq irad tutmusunuz? Yəqin ki, çox fikirləşmədən cavab verəcəksiniz ki, o qədər… Bəs nəyə görə, ya da hansı hərəkətə, necə bir əmələ görə bu ifadə işlənməlidir axı… Zavallı Don Kixot neyləmişdi ki, onun adını bilənlər də, bilməyənlər də ən müxtəlif vaxtlarda bu sayaq hallandırırlar.
Məqsədimiz məşhur ifadələrin yaranma səbəbi barədə danışmaq deyil. Sadəcə, başa çatmış 2018-ci ilin, yarısı geridə qalmış teatr mövsümünün (2018/2019) hay-küylü və heç də birmənalı qarşılanmasa da, geniş tamaşaçı marağı doğuran tamaşadan – Servantesin eyniadlı romanı əsasında səhnələşdirilmiş “Don Kixot”dan danışırıq. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının cari mövsümdəki ilk premyerası – teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda, Don Kixot və Sanço Pansanı sevilən aktyorlar –
Xalq artisti Qurban İsmayılovun və Əməkdar artist Şövqi Hüseynovun ifasında tanıdan tamaşa barədə söhbət edirik. Yeri gəlmişkən, romanın səhnə variantı da elə quruluşçu rejissora aiddir.
İlk sual elə səhnələşdirmə müəllifinədir. Hər necə olsa, Don Kixotu dramatik tamaşa qəhrəmanı kimi görməyə alışmamışıq. Əslində, bu fikrin özü “tamaşaçı çaşqınlığı” kimi anlaşılacaq risk mənasını verir.
Bəhram Osmanov:
- “Don Kixot” romanının əsasında dramaturqlar Deyl Vasserman və Co Derrion, bəstəkar Mitç Linin 1965-ci ildə tamaşaya qoyulmuş məşhur “Lamançlı adam” Brodvey müzikli var. Sovet dövründə bizim indiki Musiqili teatrın rus truppası bu əsəri tamaşaya qoymuşdu, bir neçə mövsüm uğurla oynanıldı. Moskva teatrlarında da çox maraqlı quruluşlar olub. Amma bir sözünüz həqiqətdir ki, son vaxtlaradək mən də “Don Kixot”un məhz dram əsəri kimi tamaşasına rast gəlməmişəm. Düzü, 7-8 il əvvəl belə bir fikrə gəldim ki, nəyə görə sınaqdan keçirməyək? Təxminən beş ildir ki, tamaşanın səhnə variantı hazır idi. Sadəcə, məqam indi yetişdi.
- El arasında deyilən kimi, qismət bu günə imiş…
Bəhram Osmanov:
- Hə, bir az elə oldu... Teatrın 90 illik yubiley mövsümündə repertuar planını qurarkən hansısa məşhur bir əsəri seçməyi vacib bildik. Hansı əsərə müraciət etmək məsələsi müzakirə ediləndə “Don Kixot”u təklif etdim. Çəkinsəm də, bu fikrin üstündə durdum. Həm də son illər Moskvada bəzi teatrlarda da Don Kixotla bağlı dram tamaşalarının oynanılmasından xəbərim vardı. Bəzisinə tamaşa etmişdim, bəzisi barədə məlumat toplamışdım. Düzdür, adam çox məlumat toplayanda öz qurduğu tamaşada hansısa məqamı əvvəl gördüyü tamaşadakına oxşada bilər. Amma çox rahatam ki, tamam fərqli, konkret məsələni qaldırıb şapalaq kimi adamın üzünə çırpan tamaşa hazırlaya bildik.
- Məncə, siz həm də kollektivdə əsas qəhrəmanların ifaçılarını indi görə bildiyiniz üçün “Don Kixot”u hazırlamaq niyyətinizi gerçəkləşdirə bildiniz.
Bəhram Osmanov:
- Bəli, mən Gənc Tamaşaçılar Teatrının kollektivinə inandığım üçün bu tamaşanı hazırlamağa ürəkləndim. Yay boyu tamaşanın aktyor heyəti ilə çox gərgin məşq etdik. Və bu gün tamaşa göz qabağındadır.
- Klassik ədəbiyyatın müasir yozumunu tapmaq, tapdığını da göstərmək çətin olmadı ki?..
Bəhram Osmanov:
- Təbii ki, çətindir… Mənə elə gəlir ki, biz bunun öhdəsindən gəldik. Tamaşa oynanıldıqca bişir, aktyorlar oynadıqca düşündüklərini tamaşaçıyla daha asan bölüşürlər. İnanıram ki, bir neçə nümayişdən sonra səhnədə çox gözəl bir ansambl olacaq. Tamaşanın sonrakı taleyi artıq aktyorların ixtiyarındadır.
- Bir məqam maraqlıdır ki, tamaşaçı “Don Kixot”a gülmək, əylənmək istəyilə teatra gəlmişdi, amma düşünərək getdi...
Şövqi Hüseynov:
- Bizim elə bir fikrimiz yox idi ki, tamaşaçı səhnəyə baxıb gülsün, əylənsin… Biz ciddi tamaşa oynamaq, Servantesin əsərində bu günümüzlə səsləşən məqamları qabartmaq üçün səhnəyə çıxmışdıq.
- Görək, bu günün Don Kixotu tamaşa barədə nə deyəcək?
Qurban İsmayılov:
- Hamımızın içində Don Kixot da var, Preston, yəni şeytan da. İçimizdəki Don Kixot başını qaldıranda onu ələ salırıq, təhqir edirik, ətəyindən çəkirik ki, nəyinə lazımdır, nə işin var, qarışma, filan. Amma Preston baş qaldıranda ona heç nə demirik, ən azı, onu ələ salmırıq, söymürük. Niyə?
- Niyə?
Qurban İsmayılov:
- Ona görə ki, ondan qorxuruq. Çünki o bizə daha böyük ziyan vura bilər. Amma mən istəyirdim ki, tamaşaçının öz içimizdə məhv etdiyi Don Kixota yazığı gəlsin.
- Yazığı gəlsin?..
Qurban İsmayılov:
- Və onu məhv etdiyi üçün özünə də yazığı gəlsin! Hər birimizin içindəki Don Kixot daha bəşəridir, daha yaxşıdır. Deyəsən, biz buna nail olduq. Premyeradan sonra tamaşaçılardan mənə deyən oldu ki, əsər mənə təsir etdi, hətta finalda ağladım da…
- Elə Don Kixot da bunu istəyir, amma…
Qurban İsmayılov:
- Əslində, hər bir düşünən insan da elə Don Kixotun istədiyini arzulayır. Məsələn, kim istəyər ki, müharibə ocaqlarında körpələr qırılsın?.. Heç birimiz. Bəs bu zavalı Don Kixot nə istəyir? Deyir ki, məhəbbət, mərhəmət qalib gəlsin!
- Sizin fikrinizcə, Don Kixotun bu arzuları salonda eşidildi?..
Qurban İsmayılov:
- Aktyor salonun münasibətini hiss edir. Məncə, bizim “söhbətimiz” baş tutur. Sonrakı tamaşalar necə keçəcək, - bilmirəm…
- Bu gün addımbaşı ən müxtəlif səviyyələrdə qəddarlıqla üzləşən tamaşaçının Don Kixotu siz istəyən kimi qəbul edəcəyindən şübhəniz vardımı?
Qurban İsmayılov:
- Açığı, mənim içimdə qorxu var idi. Daxili baxışda salonda əyləşənlər sənət adamları olurlar, onlar da tamaşaya daha rasional baxırlar, xırda detallara, aktyorların ifasına ayrılıqda baxırlar. Amma tamaşaçı münasibəti başqadır. Siz deyən münasibət də elə buna görə yarandı. Biz istehzanın altında tamaşaçıya Don Kixot və Don Kixotluq nədir barədə demək istədiyimizi çatdıra bildik. Onlar düşündülər ki, axı, Don Kixota niyə gülməliyik? Əlbəttə, bu çatdırmada birinci növbədə quruluşçu rejissorun, sonra da tamaşada çıxış edən bütün aktyorların xidməti var.
- Sanço Pansa… Tamaşanın afişasında Pikassonun məşhur qrafik lövhəsindən tanıdığımız, daxilən və zahirən öz ağasından tamam fərqli bir obraz. Yeyib-içən qəhrəman!.. Servantesin romanının nəşrlərinə çox illüstrasiyalar çəkilib, nədənsə məhz Pikassonun bu təsviri yaddaşlara hopub...
Şövqi Hüseynov:
- Əslində, heç kim nə Don Kixotu görüb, nə də Sanço Pansanı.
- Düzü, mən tamaşa boyu gözlədim ki, Sanço Pansanın dillər əzbəri olan “mənim ağam, niyə şər qüvvələr bizi həmişə döyüşə çağırır, yeyib-içməyə yox” fikrini Şövqi Hüseynovun dilindən eşidim, amma eşitmədim. Tamaşaya baxınca anladım ki, niyə Bəhram Osmanov bu ifadəni səhnələşdirmə variantına salmayıb.
Şövqi Hüseynov:
- Biz istədik ki, Sançonun xislətini açan bu ifadə oyun tərzində olsun.
- Bəhram Osmanov Sanço Pansanı Don Kixotun silahdaşıyanından daha çox silahdaşı kimi göstərmək istəyirdi, ona görə də...
Şövqi Hüseynov:
- Düz qeyd etdiniz ki, məqsəd bu idi! Əslində, Servantesin, “Don Kixot”un adının istənilən teatrın repertuarında olması həmin teatr kollektivinin uğurudur. Mən bir aktyor kimi fəxr edirəm ki, işlədiyim teatrın afişasında “Don Kixot” var. Yanaşma məsələsinə gəlincə, mənim fikrim bir az fərqlidir. Qurban deyir ki, qoy tamaşaçının Don Kixota da, özünə də yazığı gəlsin. Amma mənim fikrimcə, adamlar öz içlərindəki Don Kixota yazıq kimi baxmasınlar, ona inansınlar! Tamaşa üzərində rejissorla, tərəf-müqabilimlə birgə çalışmalarımda da buna çalışdım: Don Kixota inansınlar, onun fikirlərinə etibar etsinlər. Axı, Don Kixotun arzuladıqları gözəldir!
- Və bunu soyadı ispan dilində qarın mənası verən, sonradan mənəvi qidanı daha üstün tutan qəhrəman deyir…
Şövqi Hüseynov:
- Bəli, tamaşada Don Kixota inanan yeganə personaj Sanço Pansadır. Düzdür, o da əvvəlcə öz mənafeyini güdür, ağasının ona vəd etdiyi qubernatorluq eşqinə düşür. Amma zaman keçdikcə, siz demişkən, onun silahdaşıyanından silahdaşına çevrilir. Don Kixot Sanço Pansanı dəyişə bilir. Bu, artıq onun uğurudur.
Qurban İsmayılov:
- Finala doğru Sanço Pansada katarsis prosesi gedir, o, mənən saflaşır.
Şövqi Hüseynov:
- Əgər səhnədə təkcə bir nəfərin - Sanço Pansanın dünyagörüşündə, həyata baxışında yaxşılığa doğru dəyişiklik baş verirsə, bəlkə də salonda üç-dörd nəfər artıq Don Kixota inanmağa başlayır.
Qurban imkan verməsəydi, dəyişməyi səthi oynayardım, amma tamaşaçılar onları dəyişdirən tamaşanı görə bilməzdi!
Qurban İsmayılov:
- Bu tamaşada bütün aktyorların zəhməti var. Çox gərgin məşqlərimiz keçib.
Şövqi Hüseynov:
- Səhər saat 10-da teatra gəlib, gecə 12-də məşqi bitirdiyimiz günlər olub. Quruluşçu rejissorun aktyorlar qarşısında qoyduğu tələb bu idi ki, biz klassik əsər oynamırıq. Biz Servantesin qələmə aldığı əhvalatı bu günümüzə gətiririk. Əslində, üst-üstə düşən məqamlar az deyil. İndi tamaşaya qiymət verəndə demirlər ki, rejissor yaxşı hazırlayıb, deyirlər ki, rejissor əsəri dəqiq oxuya bilib. Bəhram müəllim “Don Kixot”u XXI əsr üçün çox dəqiq oxuyub. Yadınızdadırsa, tamaşada Sanço Pansa deyir: “Görün, biz hansı əsrdə yaşayırıq. 2000…” Daha ardını demir.
- Tamaşada arxa planda Don Kixotun vuruşduğu, dayandırmaq istədiyi yel dəyirmanının pərləri əvəzinə saat mexanizminin quraşdırılması da yəqin bu fikrə xidmət edir: saat mexanizmi həm çərxi-fələkdir, həm də səhnədə baş verənlərin bu günümüz üçün arxaik hadisə olmadığına işarə...
Bəhram Osmanov:
- Don Kixot tərsinə fırlanan çərxi-fələyi düzünə fırlatmaq istəyir… O elə bilir ki, fələyin çərxinin hərəkətini nizamlamağa bir adamın gücü çatacaq. Amma çatmır. O özü də deyir ki, ən azından mən nəsə eləmək istədim. İstək özü artıq böyük bir işdir.
- Amma rejissor istəsə, tamaşanın ideya istiqamətini öz istədiyi istiqamətə çevirə bilər...
Bəhram Osmanov:
- Tamaşanın finalında heç kim Don Kixotun papağını götürmək istəmir. Amma mən istəyərdim ki, nə vaxtsa teatrda elə bir tamaşa oynanılsın ki, tamaşaçılardan kimsə hadisələrdən təsirlənərək, tamaşanı pozmaqdan qorxmayaraq, səhnəyə qalxıb Don Kixotun papağını götürsün. Bax, onda deyərəm ki, əlahəzrət teatr!
* * *
...Teatrdan çıxanda Qurban İsmayılovun bir fikri qulaqlarımda səslənir: “Əgər bütün dünya bir gün Don Kixot deyən kimi yaşasa, ertəsi gün Preston başını qaldırıb insanları geri qaytaracaq”. Axı niyə? Yəqin ki, Servantes romanında bu suala cavab verib. Gərək “Don Kixot”u bir də oxuyam...
Gülcahan MİRMƏMMƏD