Amerika Birləşmiş Ştatlarında Prezident Administrasiyası ilə Konqres arasında büdcənin təsdiqlənməsi ilə bağlı ixtilafın davam etməsi hökumət qurumlarının fəaliyyətinin müvəqqəti olaraq dayandırılmasına gətirib çıxarıb. Prezident D.Trampın Meksika ilə sərhəddə divarın inşası üçün dövlət büdcəsindən 5 milyard dollar ayrılması barədə tələbi Konqresdəki demokratların müqaviməti ilə üzləşib.
Büdcə maliyyələşməsindəki problem üzündən məşhur muzeylər də fəaliyyətlərini müvəqqəti dayandırıblar. Smitson İnstitutunun kompleksinə daxil olan ən populyar Amerika muzeyləri və Vaşinqton milli zooparkı qeyri-müəyyən vaxtadək bağlanıb. Kapitoliya və Linkoln Memorialı arasında yerləşən, Vaşinqton şəhərinin mərkəzindəki muzey-park zonasının bir hissəsi olan “Milli moll” adlı zona isə tamamilə boş qalıb. Burada hətta zibil qutularını atmağa da adam tapılmır. Bayram günlərində Vaşinqtona və Nyu-Yorka gələn yerli və əcnəbi turistlər bir çox muzeyləri ziyarət edə bilməyiblər. Bu siyahıya Aviasiya və Kosmonavtika Milli Muzeyi, Amerika Tarixi Milli Muzeyi və Milli Bədii Qalereya da daxildir.