Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yeni ilin ilk premyerası – Avstriya bəstəkarı Frans Şubertin musiqisi əsasında səhnələşdirilən “Dahi hekayəçi” baleti təqdim olunacaq.

Yanvarın 26-da göstəriləcək balet Danimarka yazıçısı Hans Xristian Andersenin nağıllarına həsr edilib. Baletin librettosunu Əjdər Ulduz yazıb. Səhnə əsərinin süjet xəttini Andersenin “Kənd xoruzu və flüger”, “Qar kraliçası”, “Düyməcik”, “Qalay əsgər”, “Sehrli dibçək”, “Kralın təzə libası” kimi məşhur nağılları təşkil edir. Tamaşanın quruluşçu baletmeysteri teatrın balet truppasının bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynova, dirijoru Orxan Həşimov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.

Rollarda əməkdar artistlər Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, Fərid İbrahimov, solistlərdən Elmira Süleymanova, Anar Mikayılov, Timur Oduşev, Ayan Eyvazova, Cəmilə Kərimova və digərləri çıxış edəcək.

Azyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş baletin gözəl musiqisi, orijinal xoreoqrafiyası və rəngarəng dekorasiyası uşaqlarla bərabər valideynlər üçün də maraqlı olacaq.