“Oskar” heykəlciklərinin bir addımlığında
Los-Anceles şəhərində 2018-ci il ərzində kinematoqrafiya və televiziya sahələrində xidmətlərə görə “Qızıl qlobus” mükafatının 76-cı təqdimetmə mərasimi keçirilib.
Hollivud Xarici Mətbuat Assosiasiyası tərəfindən təsis olunan mükafat 1944-cü ildən təqdim olunur və kino aləmində “Oskar”dan sonra ikinci nüfuzlu müsabiqə sayılır. Lakin Amerika Kino Akademiyasının təqdim etdiyi “Oskar”dan fərqli olaraq, “Qızıl qlobus” mükafatı kino və televiziya filmlərinə (seriallara), üstəlik dramatik və komediya-müzikl janrları üzrə ayrılıqda (ümumilikdə hər sahə və janr üzrə 20-dən çox nominasiya) təqdim edilir.
Bu dəfə “Ən yaxşı dram filmi” nominasiyasında əfsanəvi rok müğənnisi Fredi Merkurinin həyat və yaradıcılığından bəhs edən “Bohem rapsodiyası” filmi “Qızıl qlobus” mükafatına layiq görülüb. “Ən yaxşı dramatik film aktyoru” mükafatını da həmin filmdə rol alan Rami Malek qazanıb.
“Ən yaxşı dramatik film aktrisası” nominasiyasında “The Vife” adlı ekran əsərindəki roluna görə Glenn Close “Qızıl qlobus” alıb.
Meksikalı Alfonso Kuaron “Roma” filminə görə “Ən yaxşı rejissor” nominasiyasında təltif olunub, “Roma” isə “Xarici dildə ən yaxşı film” mükafatına layiq görülüb.
Amerikalı rejissor Piter Farellinin “Yaşıl kitab” filmi “Ən yaxşı film komediya, yaxud müzikl” nominasiyasında mükafat qazanıb.
Kristian Beyl “Ən yaxşı komediya aktyoru” nominasiyasında (“Hakimiyyət” filmi) qalib olub.
Bu il 75 illik yubileyini qeyd edəcək Maykl Duqlas “Kominski metodu” serialında baş roluna görə “Ən yaxşı komediya serialı aktyoru” nominasiyası üzrə “Qızıl qlobus”a sahib olub.
Qeyd edək ki, ötən illərin təcrübəsinə əsasən, “Qızıl qlobus” mükafatçılarının təxminən üçdə ikisi nəticə etibarilə “Oskar”a da sahib olurlar. Bu il sayca 91-ci “Oskar” mükafatının qalibləri fevralın 24-də elan ediləcək.
İLONA