Yuğ Dövlət Teatrının repertuarındakı “Quş dili” tamaşası yanvarın 12-də növbəti dəfə təqdim ediləcək.
Tamaşanın müəllifi rejissor Əbdülqəni Əliyev, əsərin müəllifi yazıçı-jurnalist Təranə Vahiddir. Rolları Əməkdar artist Yaqut Paşazadə, aktyorlar Qasım Nağı, Təranə Atacan, Elgün Həmidov, Elşən Əsgərov və Ləman Novruzova ifa edəcəklər.
Əsərdə hadisələr gözdən uzaq bir dağ kəndində baş verir. Bir gecə kəndə Əzrail gəlir. Ölüm mələyi qızmarda və sazaqda bərkimiş canlardan birini aparır. Hava nə qədər sərt olsa da, amansızlıqda insan laqeydliyinə çatmaz – külüngün torpağa batmadığı bir şaxtada qoca bağban yerdə qalmış tənha ölüyə qəbir qazır, onu dəfn edir. Səhnə əsərində qaydalar belədir: kütlədən seçildinsə, sınaqlarla üzləşəcəksən. Aşkar sınağın mükafatı isə gizli gələr həmişə. Qoca bağban da həyatının ən ağır imtahanı ilə – ilk, məsum sevgisi ilə sınanacaq. Tamaşada cavab yoxdur, suallar isə çoxdur...