Artıq 80 yaşı var. Ömrünün 46 ilini Azərbaycan mədəniyyətinə, teatr sənətinə həsr edib. Səhnədə bir-birindən fərqli və maraqlı obrazlar qalereyası yaradıb. Gəncə Dövlət Dram Teatrının tarixinə nəzər yetirdikdə, “Qızıl Dərviş” mükafatı laureatı, Xalq artisti Məmmədəli Balayevin səmərəli fəaliyyəti ayrıca qeyd edilməlidir. Onun səhnə fəaliyyəti gənc aktyor nəslinin yetişdirilməsində və inkişaf etdirilməsində xüsusi olaraq diqqəti cəlb edir.
Məmmədəli Bəşir oğlu Balayev 1939-cu ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olub. 1950-ci ildə bir çox soydaşlarımızla birlikdə doğma yurddan deportasiya edilib. Ailələri Azərbaycanın Daşkəsən rayonunda məskunlaşıb. Məmmədəli Balayev 1955-ci ildə Mədənçilərin Mədəniyyət evində bədii özfəaliyyət dərnəyi təşkil edir. Dərnəkdə hazırlanan tamaşaların iştirakçısı olurdu. Sonradan məhz onun səyilə özfəaliyyət dərnəyi Xalq teatrı kimi fəaliyyətini davam etdirib.
Məmmədəli Balayev Moskva Dövlət İncəsənət Universitetinin ikiillik rejissorların təkmilləşdirilməsi kursunu, həmçinin Pedaqoji İnstitutun Dil-ədəbiyyat fakültəsini bitirib. 16 sentyabr 1962-ci ildən Gəncə Dövlət Dram Teatrında aktyor olaraq fəaliyyətə başlayıb. O illəri xatırlayan aktyor deyir: “1954-cü ildə Daşkəsən rayonunda Mədənçilərin Mədəniyyət evi yenicə tikilib təhvil verildi. Bu zaman Akademik Milli Dram Teatrının yaradıcı kollektivi dörd tamaşa ilə açılış münasibətilə Daşkəsənə qastrol səfərinə gəldi. Qastrol zamanı Adil İsgəndərov başda olmaqla bir çox sənətkarların səhnədə çıxışlarını gördüm. Məndə də çox böyük həvəs vardı. Bu həvəsin nəticəsi olaraq həmin mədəniyyət evində özfəaliyyət dərnəyi təşkil etdim. Burada ilk olaraq Səməd Vurğunun “Vaqif” tarixi dramını hazırladıq. Bu tamaşamız çox böyük müvəffəqiyyətlə keçdi. Mən bu tamaşada Vaqif obrazını oynayırdım. Bunun ardınca “Fərhad və Şirin”, “Aydın”, “Oqtay Eloğlu”, “Od gəlini” və başqa əsərləri hazırladıq. Bu illərdə artıq Gəncə Dövlət Dram Teatrı bizi himayəyə götürmüşdü. Ona görə də hər dəfə gəlib tamaşalarımıza baxırdılar. Bu vaxt respublikanın Əməkdar artisti Səməd Tağızadə mənim rollarımı görmüşdü. Böyük Vətən müharibəsindən sonra Gəncə Dövlət Dram Teatrında gənc aktyor heyətinə böyük ehtiyac vardı. O illərdə teatrın direktoru Xalq artisti Ələkbər Seyfi idi. Səməd Tağızadənin təklifi və Ələkbər Seyfinin dəvəti ilə 1962-ci ildə Gəncə Dövlət Dram Teatrına aktyor kimi qəbul olundum”.
Məmmədəli Balayev 26 aprel 1973-cü ilədək Gəncə Dövlət Dram Teatrında aktyor olaraq işləyib. Ailə vəziyyətilə əlaqədar olaraq bir müddət səhnədən uzaqlaşmalı olur, 1984-cü ilədək isə Gəncə şəhərində fəaliyyət göstərən Texniki Peşə Məktəbində çalışır. 12 sentyabr 1984-cü ildən yenidən Gəncə teatrına qayıdaraq aktyor kimi fəaliyyətini davam etdirir. Teatrdan bir müddət uzaqlaşması barədə belə deyir: “Bu teatra gəldiyim ilk gündən repertuarda olan, demək olar ki, bütün tamaşalarda əsas rollar mənə həvalə olunurdu. Mən səhnədə gözəl xanımlarla tərəf-müqabil olurdum. Bu da ailədə müəyyən söz-söhbətlərə, qısqanclıqlara gətirib çıxarırdı. Ailəm hətta dağılmaq təhlükəsi qarşısında idi. Buna görə də bir müddət teatrdan uzaqlaşmaq məcburiyyətində qaldım. Gəncə şəhərində fəaliyyət göstərən Texniki Peşə Məktəbinə kütləvi və mədəni işlər üzrə direktor müavini təyin olundum və 1984-cü ilədək burada işlədim”.
Məmmədəli Balayev 1994-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının Gəncəbasar bölməsinin sədri kimi də fəaliyyət göstərir. O, həmçinin “Bu dünyadadır”, “Sizi unutmarıq” və “Qəza” pyeslərinin müəllifidir. Sənətşünaslıq doktoru, professor İlham Rəhimli onun yaradıcılığı haqqında yazır: “Yaradıcılığındakı ifadə vasitələri sadəliyi və səmimiliyi ilə diqqəti cəlb edir. Əsasən, realist aktyor məktəbinin poetika səciyyələrinə xas olan estetik prinsiplərdən istifadə edir”.
Məmmədəli Balayev milli klassiklərin əsərlərində maraqlı obrazlar yaratmağa müvəffəq olub. M.F.Axundzadənin “Lənkəran xanının vəziri”ndə Heydər ağa, N.Vəzirovun “Ağa Kərim xan Ərdəbili” əsərində Minbaşı, Ə.Haqverdiyevin “Bəxtsiz cavan”ında Hacı Səməd ağa, C.Cabbarlının “Oqtay Eloğlu” əsərində Hacı Zaman, S.S.Axundovun “Tamahkar”ında Hacı Murad, “Eşq və intiqam”ında Piri baba, A.Şaiqin “Tıq-tıq xanım”ında Şah, S.Rəhmanın “Əliqulu evlənir” komediyasında Xəlil belə obrazlardandır.
30 may 1963-cü ildə səhnəyə qoyulan Qeybulla Rəsulovun “Əlvida, Hindistan!” dramında aktyorun yaratdığı Zeynalabdin Şirvani surəti də səhnədə maraqla baxılan obrazlardandır. Tamaşanın quruluşçu rejissoru Nəsir Sadıqzadə, rəssamı Bəhram Əfəndiyev, bəstəkarı Şəfiqə Axundova olub. Əsər məşhur Azərbaycan səyyahı, coğrafiyaşünası, filosof və şairi Hacı Zeynalabdin Şirvaninin (1780-1838) həyatının Hindistanla bağlı olan illərindən bəhs edir.
Professor İlham Rəhimli bu əsər haqqında məqalələrinin birində yazır: “Pyesdə zəngin faktlar vardı və soydaşlarımızın elmi tədqiqat fəaliyyətinin müəyyən lövhələri əyani şəkildə canlandırılırdı. Quruluşçu rejissor Nəsir Sadıqzadə pyesin səhnə təfsirini bir qədər epik teatr estetikasında işləmişdir. Hadisələri söyləmə prinsipində müəyyən publisistik çalarlar da vardı. Mövzu tarixi faktlar əsasında işlənsə də, tamaşada poetik ruh vardı, bədii səhnələrin təqdimat forması maraqlı idi”.
Məmmədli Balayevin ifasında Zeynalabdin Şirvani obrazının xarakterində olan çılğın şairlik, səriştəli coğrafiyaşünaslıq, romantik səyyahlıq keyfiyyətlərinin inandırıcı boyalarla, təmkinlə tamaşaçılara çatdırılması maraqla baxılırdı. Aktyorun çağdaş Azərbaycan ədiblərinin komediya və dramlarında yaratmış olduğu personajlar da öz müasirlərinin obrazlı şəkildə təqdim olunması baxımından uğurla işlənilən səhnə xarakterləri silsiləsinə daxildir. Əfqanın “Qız atası”nda Əhməd, T.Məmmədovun “Ürək yanarsa...” əsərində Şahin, İ.Coşqunun “Tülkü məhkəməyə gedir” pyesində İlqar, Q.Musayevin “Köhnə həyətin adamları”nda Hikmət, N.Gəncəlinin “Səadət yağış deyil” əsərində Bromberq və Rıbakov, A.Məmmədovun “Bəraət”ində Habil, Ə.Hacızadənin “Yandırılmış adam”ında Kərim, İ.Əfəndiyevin “Tənha iydə ağacı”nda Behdud bəy obrazları bu qəbildəndir.
Onun yenidən səhnəyə qayıdışını Xalq artisti, rejissor Vaqif Şərifov öz xatirələrində belə söyləyir: “1984-cü il idi. Mən Gəncə Dövlət Dram Teatrının direktoru idim. Bu zaman Məmmədəli Balayev teatra aktyor kimi qayıtması haqda müraciət etdi. Çox böyük məmnuniyyətlə onu işə qəbul etdim. O illərdə onun kimi aktyorlara teatrımızın ehtiyacı vardı. Yenə də gəldiyi ilk gündən səhnədə öz bacarıq və istedadını göstərməklə tamaşaçıların rəğbətini qazana bildi. Onunla bir çox tamaşalarda birgə işlədik. “Dəli Kür”, “Şeyx Nizami”, “Eşq və intiqam”, “Yandırılmış adam” və başqa quruluşlarımda bir rejissor olaraq onunla işləməkdən böyük məmnunluq duyurdum”.
Məmmədəli Balayev həmçinin Nəsir Sadıqzadə, Həsən Ağayev, Yusif Bağırov, Məhəmməd Burcəliyev, Tofiq Kazımov, Hilal Həsənov, Vaqif Şərifov, Arif Ağayev, Oruc Qurbanov, Bəhram Osmanov kimi Azərbaycan teatrının tanınmış rejissorlarının uğurlu səhnə həlli tapmış tamaşalarında yaddaqalan obrazlar qalereyası yaradıb. Bu illər ərzində dramaturqlarımızın tarixi mövzulu pyeslərində, eləcə də tərcümə əsərlərində də maraqlı obrazları ilə rəğbət qazanıb. İ.Əfəndiyevin “Üçatılan”ında Hacı, N.Həsənzadənin “Atabəylər”ində Salnaməçi, Z.Xəlilin “Qatır Məmməd”ində Əziz, İ.Şıxlının “Dəli Kür”ündə Pristav, N.Məmmədlinin “Cavad xan”ında Naməlum, O.Altunbayın “Şeyx Nizami”sində Gəncə hakimi, O.Kamalın “72-ci kamera”sında Qaraşın, E.Radzinskinin “Sokratla söhbətlər”ində Anit, R.Şeridanın “Aldanmış adaxlı”sında Don Karlos, B.Brextin “Üç quruşluq opera”sında Filç, G.Fiqeyredonun “Tülkü və üzüm”ündə Aqnostos onun böyük səhnə ustalığı ilə yaratdığı personajlardandır.
Aktyor “kiçik rol vasitəsilə böyük fikirlər ifadə etmək çətindir” mülahizəsinin heç də həqiqətə uyğun olmadığını öz yaradıcılığında isbat etməyə müvəffəq olur. Bu baxımdan onun səhnədə yaratdığı bütün obrazlar real həyat müşahidələrinin nəticəsi olaraq tamaşaçıların rəğbətini qazanır. Aktyor hər an axtarışdadır. Onun bu axtarışları sənətinin daha dərin çalarlarının açılmasında böyük əhəmiyyətə malikdir.
1990-cı ildən Gəncədəki Nizami Poeziya teatrında da aktyor kimi fəaliyyət göstərən Məmmədəli Balayev bu illər ərzində N.Gəncəvinin “Xəmsə”sinin motivləri əsasında hazırlanan tamaşalarda dahi şairin obrazının əvəzolunmaz ifaçısı kimi tanınıb.
Aktyor səhnə fəaliyyətilə yanaşı, həmçinin “Haray”, “Acılar bitməz”, “Sonuncu fəsil”, “Sevdiyim yar”, “Şeyx Bahəddin”, “Döngələr”, “Azərbaycan toyu”, “Sonuncu səsli” və s. filmlərdə də maraqlı rollar oynayıb.
Məmmədəli Balayevin sənətdə xidmətləri hər zaman yüksək dəyərləndirilib. O, 4 mart 1992-ci ildə Azərbaycan Ali Sovetinin fəxri fərmanı ilə təltif olunub. 28 oktyabr 2000-ci ildə respublikanın Əməkdar artisti, 13 fevral 2014-cü ildə Xalq artisti fəxri adlarına, 2002-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb. 80 yaşlı sənətkar bu gün də Gəncə Dövlət Dram Teatrında gənc aktyor heyətinin yetişdirilməsində səy və bacarığını əsirgəmir, onların səhnə texnikasına yiyələnmələri istiqamətində öz dəyərli məsləhətlərini verir.
Anar BURCƏLİYEV
teatrşünas