Fevralın 17-də Heydər Əliyev Sarayında uşaqlar üçün orijinal və interaktiv yeni tamaşa – “İşıqlı kuklalar şousu” təqdim olunacaq.

Sarayın mətbuat xidmətindən bildirilib ki, “Nikolay Zıkov Teatrı”nın təqdim etdiyi bu unikal tamaşa bütün dünyada sevilir. 1 metrdən 8 metrədək ölçüsü olan yeni, parlaq, qeyri-adi işıqlı kuklalar hər yaşda tamaşaçıların böyük marağına səbəb olacaq.

Nikolay Zıkov dünyanın ən tanınan kuklaçılarından biridir. 200-dən çox kukla yaradan, dünyanın 40-dan artıq ölkəsində tamaşalarla çıxış edən N.Zıkov 20-dən çox kukla şousunun müəllifi, rejissoru, rəssamı və ifaçısıdır. Yenilikçi yaradıcılıq fəaliyyəti və peşəkar ifaçılığına görə bir çox beynəlxalq mükafatlara layiq görülüb.

Şounun biletlərini Heydər Əliyev Sarayının və şəhərin kassalarından, “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.